Məhkəmə qərarları › İş №2(060)-7223/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7223/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7223/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, 102840-692262/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 29% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh2 arasında 15 yanvar 2020-ci il tarixli, 102840-692262/2 nömrəli və Cavabdeh3 arasında 15 yanvar 2020-ci il tarixli, 102840- 692262/2/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazıminca icra etməmiş, kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. 30 iyul 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 9549.97 manat məbləğində əsas borcu və 3602.45 manat faiz borcu olmaqla, ümumilikdə 13152.42 manat məbləğində kredit borcu yaranmışdır.Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 9549.97 manat məbləğində əsas borc və 3602.45 manat faiz borcu olmaqla, ümumilikdə 13152.42 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılması və iddia tələbibi təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında borcu olduğunu qəbul edir. Sadəcə olaraq pandemiya ilə bağlı ödəmələrdə çətinlik çəkdiyini, bankın güzəşt etmədiyini məhkəmənin nəzərinə çatdırdı. Digər Cavabdeh3 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdeh qeydiyyatda olduğu ünvanda olmadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, 102840-692262/2 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, Cavabdeh1 18 ay müddətinə, illik 29% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh1 15 yanvar 2020-ci il tarixli, 102840-692262/2 nömrəli istehlak kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 15.02.2020-ci il tarixdən başlayaraq hər ay banka 691,70 manat, yalnız sonuncu ay 691,79 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan 15 yanvar 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 10000 manat məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı 15.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətindən gec olmayaraq ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 102840-692262/2 saylı, 15 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 9549.97 manat əsas, 3602.45 manat faiz borcu olmaqla, cəmi 13152.42 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı "xxxx" ASC-yə 15 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 9549.97 manat əsas, 3602.45 manat faiz borcu olmaqla, cəmi 13152.42 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9549.97 manat əsas, 3602.45 manat faiz borcu olmaqla, cəmi 13152.42 manat məbləğində borc və 30,4 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 9549.97 (doqquz min beş yüz qırx doqquz manat, doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 3602.45 (üç min altı yüz iki manat, qırx beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 13152.42 ( on üç min yüz əlli iki manat, qırx iki qəpik) manat borc və 30,4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar