Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-725/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2428.45 manat əsas, 810.58 manat və 17.04.2019-cu il tarixdən 29.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 14.4 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 3253.43 manat borcun və ödənilmiş 52.23 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 17.04.2019-cu il tarixli müqaviləyə əsasən borcluya 7 ay müddətinə, illik 28% dərəcəsi ilə 2428.45 manat kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 17.04.2019-cu il tarixli sazişdən görünür ki, borclu Cavabdeh1 7 ay müddətinə, illik 28% dərəcəsi ilə 2428.45 manat kredit verilmişdir. - 17.04.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - 29.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 17.04.2019-cu il tarixli müqaviləyə əsasən 29.10.2021-ci il tarixə 2428.45 manat əsas borc, 810.58 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 14.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3253.43 manat borcu vardır. - 17.04.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, 2428.45 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. - Cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər borcun qaytarılmasına dair xəbərdar edilmişlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu 7 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin 29.10.2021-ci il tarixinə 2428.45 manat əsas və 810.58 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 17.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 17.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh1 tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın 17.04.2019-cu il tarixdən 29.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 14.4 manat məbləğində əldən çıxmış fayda tələb olunması hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, 17.04.2019-cu il tarixli müqavilə üzrə borc tələbinin borclu ilə birlikdə zaminə qarşı yönəlməsi əsassızdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitmə müddəti 7 ay, yəni 17.11.2019-cu ilə kimi olmuşdur. İddiaçı Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən iddia tələbini zaminə qarşı 17.11.2020-ci il tarixədək irəli sürdükdə haqlı olardı. İş materiallarından görünür ki, iddiaçı 03.12.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC zaminə qarşı iddia tələbini qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra irəli sürdüyünə görə iddia Cavabdeh2 aid olan hissədə təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan 10.000 manatadək olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 52.53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2428.45 manat əsas, 810.58 manat faiz və 17.09.2021-ci il tarixdən 29.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 14.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3253.43 manat borcun və ödənilmiş 52.53 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-725/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-725/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver