Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7253/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi ƏSF cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 903,54 manat borcun - bundan 333,70 manat əsas, 64,98 manat faiz, 418,56 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,30 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 690 №-li 16 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə mənzil təmiri məqsədi ilə 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1700 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 16 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlərə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 02.04.2021-ci il tarixə kredit üzrə cəmi borcu 903,54 manat təşkil edir. Bundan 333,70 manat əsas, 64,98 manat faiz, 418,56 manat cərimə, kredit müqaviləsi bitəndən sonra sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,30 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir altda düşmüş və bu barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, Banka gəlməmiş və yeni kredit müqaviləsi bağlamamışdır. Həmçinin bildirdi, araşdırılan mübahisə üzrə iddia ilə 30 may 2019-cu il tarixdə məhkəməyə müraciət olunmuş, 09 sentyabr 2019-cu il tarixli məhkəmə qərardadına əsasən sözügedən Fərmanın icrası ilə bağlı iddia baxılmamış saxlanılmışdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı ASC Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2014-cü il tarixli 690 saylı “kredit müqaviləsi”ndən görünür ki, Cavabdeh1 mənzil təmiri məqsədilə illik 24 faiz hesablanması şərti ilə 18 ay müddətinə 1700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. 16.04.2021-ci il tarixli, **********246 №-li maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2014-cü il tarixli 690 saylı kredit müqaviləsi üzrə 02 aprel 2021-ci il tarixə cavabdehin Banka 333,70 manat əsas, 64,98 manat faiz borcu, 418,56 manat cərimə borcu, gecikdirilmiş müddət üçün illik 5% hesablanmış 86,30 manat, ümumilikdə 903,54 manat məbləğində borcu qalmışdır. 05.08.2021-ci, **********445 saylı xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı tərəfindən pritenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Göründüyü kimi araşdırılan mübahisə üzrə kredit müqaviləsi Fərmanın təsiri altına düşür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilə bilməz, məhkəmə kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsini qanuni hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizaşiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərimələr silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməz. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış 16.12.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də zamin Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 11 (37%) iddiaçıya aid edilməli, 19 (63%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 333,70 manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 manat tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 333,70 (üç yüz otuz üç manat yetmiş qəpik) manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 (on doqquz) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7253/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7253/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver