Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7292/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 11000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə kommersiya işləri ilə əlaqədar tanış olmuş, bir müddət sonra o, qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olduğunu bildirərərk bir neçə dəfə ondan qızıl-zinət əşyaları alaraq satmış və pulunu ödəmişdir. Sonuncu dəfə 2014-cü ilin iyul ayında cavabdeh ondan hissəhissə olmaqla iki dəfəyə, ümumilikdə 11.450 ABŞ dolları dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyalarını satmaq adı ilə götürüb aparmış və son tarixədək həmin qızıl-zinət əşyalarının pulunu verməmişdir. Cavabdeh almış olduğu qızıl-zinət əşyalarının pulunu yaxın müddətdə ödəyəcəyini bildirməsinə baxmayaraq, ödəniş etməmiş və bununla əlaqədar 2014-cü ilin avqust ayında Nəsimi RPİ-nin 19-cu PB-ya ərizə ilə müraciət etmişdir. Polis bölməsində izahat verən cavabdeh yaxın 2 ay ərzində pulu qaytarmağa söz versə də, uzun müddət keçməsinə baxmayaraq, borcunu qaytarmamış və müxtəlif bəhanələrlə bundan yayınmışdır. Cavabdeh ondan 11.450 ABŞ dolları dəyərində qızıl almasına baxmayaraq, hazırda o, cavabdehin maddi vəziyyətini və razılığını nəzərə alıb, ondan cəmi 11.000 manat tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçıya 11000 manat borcunun olduğunu etiraf edir. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, iddia tələbini etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-7292/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7292/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver