Məhkəmə qərarları › İş №2(060)-73/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-73/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-73/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Üçüncü şəxs X6 iştirakı ilə, X1 cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və X4 qarşı X8 üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 cavabdeh Sumqayıt ASAN Xidmət X5rşı X8 üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək X3 cavabdeh qismində işə cədb edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu X16 Bayramov küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətidir və həmin evdə xəstə anası və övladları ilə birlikdə yaşayır. Övladlarından Səfquliyev Malik 2-ci qrup əlidir və həyat yoldaşı vəfat etdiyindən uşaqlarını tək saxlayır. xx xxxxxxxx 2015-ci ildə tanışı Elnurun təkidi ilə ona pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt “Asan Xidmət” Mərkəzinə gedərək orada xx.xx.2015-ci il tarixli , 4Ə-3011 reyestr qeydli, AN-İ ******* saylı “alqı satqı” müqaviləsi bağlayaraq üç aylıq müddətinə əmlakını X3 borc götürdüyü Fikrət adlı şəxsin qardaşı olan, iş üzrə üçüncü şəxs, X6 adına rəsmiləşdirmiş və onların bu borc münasibətlərinə təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç ayıdan artıq müddət keçəndən sonra onun evinin özünə qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış və vəziyyətin heç də, onun düşündüyü kimi olmamasını başa düşüb öz etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. O, iş üzrə üçüncü şəxs X8 tanımır və ona evini satmamışdır. Onun tanıdıqları Elnur və Ələddindir, onlar da öz pul problemlərini həll etmirlər və onun mənzilini də özünə geri qaytarmırlar. Ona görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırır. Onun özünə məxsus və ailə üzvlərinin yaşadığı evini satmaqla əlaqədar heç bir iradə istəyi olmamışdır, yalnız yuxarıda qeyd etdiyi kimi tanışının borc götürməsi ilə əlaqədar təminat olaraq ona bildirilən girov müqaviləsi hesab etdiyi əqdə imza atmışdır. O, alqı-satqı müqaviləsi barədə niyyətli olmamışdır və yalnız borc müddətinə müvəqqəti olaraq evini Ramin Qurbanovun adına keçirmişdir ki, qanunla da bir əqdi digər əqdlə pərdələmə məqsədilə tərtib olunan bu müqavilə əhəmiyyətsiz və etibarsız əqddir. İddiaçı məhkəmə iclasını yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, üzürlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək araşdırılan mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilsə də əslində əmlakın mülkiyyətçisi kimi onun maraqlarına toxunduğunu bildirdi və işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə iş üzrə icraatın uzun müddətdir davam etməsini, iddiaçının müxtəlif səbəblərlə məhkəmə iclasında iştirak etməməsini, eləcə də iş üzrə üçüncü şəxsin ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq işə iddiaçının, Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsinə əsasən isə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilən üçüncü şəxs X11 izahatında bildirdi ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, o, mübahisələndirilən müqavilənin tərəfi olmaqla həmin müqavilə qanun əsaslarla bağlanmışdır. O, 120.000 manat pul ödəyərək iddiaçıya məxsus fərdi yaşayış evini satın almışdır. İddiaçının iddia ərizəsində göstərdiyi hallar yalandır, heç bir fakta əsaslanmır. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: AN-İ seriyalı ******* saylı xx xxxxxxxx 2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X10 özünə məxsus Abşeron rayonu X16 Bayramov küç. ev 24 ünvanında yerləşən fərdi yaşayış evini 120.000 manata alıcı X6 mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, satıcı daşınmaz əmlakı X9 120000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X9 120.000 manat qarşılığında satmışdır. İddiaçı alqı-satqı müqaviləsinin Elnur Şahsuvarovun borcuna təminat olaraq formal olaraq bağlandığını, evi əslində Ramin Qurbanova satmadığını, bir sözlə digər əqdi pərdələmək üçün həmin müqaviləni bağladığını əsas kimi göstərərək əqdin etibarsızlığı tələbi ilə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 386.1-ci maddənin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəyə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəyə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 14-cü fəsli əqdin etibarsızlığı ilə bağlı əsasları nəzərdə tutmuşdur. İddiaçı əqdin etibarsızlıq əsası kimi onun uydurma əqd olduğunu iddia etdiyi üçün məhkəmə tərəflər arasında bağlanmış əqdin etibarsızlıq əsası kimi mübahisənin həllində Mülki Məcəlləsinin 340-cı maddəsini tətbiq etməyi zəruri hesab edir. Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddənin şərh olunan məzmunundan görünür ki, müqavilənin uydurma əqd olaraq etibarsız hesab edilməsi üçün əqdin həqiqətən də pərdələmək məqsədi ilə bağlandığı müəyyən edilməlidir. İşin halları ilə müəyyən olunur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq S.Rza ilə Q.Ramin alqı-satqı müqaviləsi bağlayaraq, müqaviləni notariat qaydada təsdiq etdirmişlər. İddiaçı evin borcun təminatı olaraq girov qoyulduğunu, həmin alqı-satqı müqaviləsini formal olaraq bağlandığını dəlil olaraq göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməişdir. Eləcə də göründüyü kimi evin təminat olaraq yüklü edilməsi ilə bağlı ipoteka müqaviləsinin bağlanması mümkün olsa da, belə bir müqavilə bağlanmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin şərtlərinə uyğun bağlanmışdır. Məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı dəlillərin formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetmədiyi qənaətinə gəlir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə həmçinin hesab edir ki, araşdırılan iddia üzrə iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından göründüyü kimi mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2015ci il tarixdə bağlanılmış, iddiaçı araşıdırılan tələblə xx xxxx 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb həm də bu əsasla təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və X4 qarşı X8 üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar