Məhkəmə qərarları › İş №2(060)-7303/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7303/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7303/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 602 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən «Madeyra» mebel mağazasının müdiridir. 2019-cu ilin avqust ayının ortalarında Ürfət, Səidə və Yadigar onun işlədiyi «Madeyra» mağazasına gələrək Yadigarın bacısı üçün cehiz mebel almışlar. Onların aldıqları mebellərin ümumi dəyəri 5300 manat olduğu üçün pulun 1500 manatı Səidənin adına rəsmiləşdirilmiş, 1643 manat isə Səidənin qudası Təsminənin adına kreditlə rəsmiləşdirilmişdir. Qalan borcun bir hissəsi onlar tərəfindən nağd şəkildə ödənilsə də qalan 602 manat pulu xeyli vaxtdır ki, mağazaya ödəməmişlər. Qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-224/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli hökmü ilə X1 və anası Cavabdeh1 öz ifadələrində də onun mebel mağazasından Ülviyyə Əliyeva üçün mebel aldıqlarını və borcları qaldıqlarını bildirmişlər. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını, ona qarşı tələbinin olmadığını, digər cavabdehə münasibətdə iddiaya baxılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin ondan aldığı mebelin dəyəri 5300 manat idi. Mebelin qiymətini Səidənin əri Ürfətlə danışıb razılaşıblar. Mebelin seçilməsində və Ürfətlə olan söhbətlərdə Səidə də iştirak edib. Ürfət ilk əvvəl mebelin dəyərindən 400 manat ödəmiş, qalan pulu toydan sonra ödəyəcəklərini demişlər. Lakin toydan sonra da ödəməyə imkanları olmadığı üçün mebeli daxili kredit müqaviləsi əsasında sənədləşdirmişlər. Bu zaman kredit Cavabdeh1 adına 1500 manat məbləğində və Cavabdeh2 adına 1643 manat məbləğində ayrılmış, həmin şəxslərlə müqavilələr bağlanılmışdır. Həmin şəxslər pensioner olduqları üçün kredit daha çox məbləğə ayrılmamışdır. Nəticədə yenə də 2245 manat borc qalmış və Ürfət həmin borcu hissəhissə ödəyəcəyinə vəd vermişdir. Bundan sonra 700, 300 və 155 manat olmaqla Ürfət ödəniş etmiş, 602 manat borc qalmışdır. Ürfət daha sonra həmin 602 manat borcu ödəməkdən imtia etmişdir. Hazırda Cavabdeh1 cavabdeh qismində cəlb etməsinin səbəbi odur ki, Səidə Ürfətin arvadıdır, bir ailədirlər, borclarına görə də ailə olaraq məsuliyyət daşıyırlar. Ürfət heç yerdə işləmir, rəsmi qazancı və gəliri yoxdur, Səidə isə pensionerdir, pensiya alır. Gələcəkdə qətnamə onun xeyrinə çıxacağı halda qətnamənin icrasını Səidənin pensiyasına yönəltməklə təmin etmək olacaq, lakin Ürfətin gəliri olmadığı üçün bunu etmək mümkün olmayacaq, borc yenə də ödənilməmiş qalacaq. Ona görə də Ürfətin cavabdeh qismində cəlb edilməsini istəmir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. İddiaçı ilə əri Ürfət Məhərrəmov arasında cehiz mebelin alınması ilə bağlı razılaşma olmuş, pul məbləğini Ürfət ödəmişdir. O, Ürfətin borcu qalıb-qalmadığını bilmir. Bu məsələni iddiaçı Ürfətlə aydınlaşdırmalıdır. Alınmış mebelin dəyərini tam ödəyə bilmədikləri üçün onun adına kredit verilmiş, o da krediti tam ödəmişdir. Qalıq borc barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından, iddiaçının izahatında göstərdiklərindən də göründüyü kimi alınmış mebelin dəyərinin ödənilməsi ilə bağlı danışıqlar iddiaçı ilə Ürfət Məhərrəmov arasında olmuş, qalıq borcu Ürfət hissə-hissə ödəməyi öhdəsinə götürmüş, borcun bir hissəsi Ürfət tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddianın əsası kimi göstərdikləri hazırkı cavabdeh qismində qoyulan şəxsin hərəkətləri nəticəsində baş verməmişdir. Bu baxımdan iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar