Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7318/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2954,21 AZN əsas, 24,8 AZN faiz, cəmi 2979,01 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış, həmçinin ərizəyə imza səlahiyyətinin ona aid olması, səlahiyyətlərini təsdiq edən sənədləri əlavə etməmiş, ərizənin forma və məzmun tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxs, xüsusilədə bank fəaliyyəti göstərən hüquqi şəxs məhkəməyə iddia ərizəsi təqdim edərkən hüquqi şəxsin nizamnaməsini və ya hüquqi şəxsin iddia qaldırmaq səlahiyyəti olan orqanının və ya vəzifəli şəxsinin hüquq və vəzifələrini müəyyən edən əsasnaməsini, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının hüquqi şəxsin təsisçiləri, qanuni nümayəndəsi (təmsilçisi) və digər zəruri məlumatlar barədə çıxarışı (arayışı) və ya digər təsis sənədlərini iddia ərizəsinə əlavə etməlidir. Lakin iddiaçı "xxxx" KB ASC belə zəruri sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə, iddiaçı ümumi iddia icraatı qaydasında ərizə versə də tərtibatında yalnışlığa yol verərək, sadələşdirilmiş icraat qaydasında işə baxılmasının normasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 152, 263, 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı "xxxx" KB ASC ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7318/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7318/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver