Məhkəmə qərarları › İş №2(060)-735/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-735/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-735/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 Cavabdeh1 nümayəndəsi, vəkil X2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1075,53 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 18.12.2017-ci il tarixinə 819,91 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 148,65 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1068,35 ABŞ dolları cərimə olmaqla, cəmi 3112,44 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18.12.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz olmaqla, 1900 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit verilməmiş və o, hər hansısa bir kredit götürməmişdir. 18 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsi və digər sənədlərdə olan imzalar ona məxsus deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1982-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1987-ci ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsində iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faizlə 1900 ABŞ dolları kredit verildiyi göstərilmişdir. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, İKM 01 saylı, 18 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay 104,29 ABŞ dolları, sonuncu ay isə 104,22 ABŞ dolları ödənilməli idi. 11 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 1075,53 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 18.12.2017-ci il tarixinə 819,91 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 148,65 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1068,35 ABŞ dolları cərimə borcu olmaqla cəmi 3112,44 ABŞ dolları təşkil edir. Cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Cavabdeh1 tərəfindən iş materiallarında olan kredit və zaminlik müqavilələrində olan imzaların ona məxsus olması mübahisələndirildiyindən hazırkı işə tam və obyektiv baxılması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.04.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, mülki işin 4 və 5-ci səhifələrində olan 18 dekabr 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinin 1-2-ci səhifələrində borc alan qrafalarındakı Cavabdeh1 adından olan imzalar, 6-cı səhifəsində olan 18.12.2015-ci il tarixli 01 nömrəli zaminlik müqaviləsinin sonunda “borcalan Cavabdeh1” qrafasındakı imza, 7-ci səhifədə olan ödəniş cədvəlinin sonunda “Cavabdeh1” qrafasındakı imza – Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). İşdən göründüyü kimi Cavabdeh1 kredit müqaviləsində və iş üzrə digər sənədlərdə olan imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Bu səbəbdən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə kredit müqaviləsi və digər sənədlərdəki imzanın cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. MPM-də göstərilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, ekspert rəyində kredit müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olmadığı müəyyən edildiyindən və bunun əksini təsdiq edən hər hansı sübut işdə mövcud olmadığından ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Yəni kredit müqaviləsi və iddianın əsaslandığı digər sənədlərdəki imza Cavabdeh1 məxsus olmadığı üçün iddiaçı həmin kredit müqaviləsi üzrə cavabdehə qarşı hər hansı tələb irəli sürə bilməz. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Məhkəmə hesab edir ki, hazırkı halda zaminliklə icrası təmin edilmiş əsas öhdəlik mövcud olmadığı üçün iddiaçının zaminlik müqaviləsinə əsasən də hər hansı tələb hüququ yarana bilməz. Bu səbəbdən iddia zaminə aid hissədə də təmin edilə bilməz. MPM-ə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). İddia təmin edilmədiyi üçün 110 manat ekspert xərci də iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 1075,53 ABŞ dolları əsas borcun, 819,91 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 148,65 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1068,35 ABŞ dolları cərimə borcunun, cəmi 3112,44 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar