Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-735/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində 27 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 20000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəhid ailəsi kimi Sumqayıt şəhəri, Corat bağları ünvanında yerləşən 1985d saylı bağ sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 1993-cü ilin mart ayında ona verilmişdir. O, həmin torpaq sahəsinə görə Sumqayıt şəhər Bələdiyyəsinin hesabına 3 milyon (əvvəlki pul vahidi ilə) manat ödəniş etmişdir. Sumqayıt şəhər Bələdiyyəsi tərəfındən ayrılan torpaq sahəsinə görə verilmiş ödəniş qəbzi yaxın qohumu X4 adına olsa da, həmin torpaqdan təyinatı üzrə o, istifadə etmişdir. Ümumi ölçüsü 0,14 ha (14 sot) olan torpaq sahəsi daş və panellərlə hasarlanmış, orada 1 otaqlı ev tikərək yaşamışdır. Həmçinin həyəti abadlaşdırmış, ağaclar əkmiş, həyətə torpaq tökmüş, ağaclara peyin verib onlara qulluq göstərmişdir. Cavabdeh maklerdir, torpaq alqı-satqısı ilə məşğul olur. 2006-cı ildə cavabdeh yaşadığı həmin torpaq sahəsini satmış, onu küçələrə atmışdır. Bu azmış kimi həmin torpaq sahəsində tikilmiş evi sökmüş, sonra isə evdə olan əşyalarını (divan, kreslo, televizor, şifoner, servant, soyuducu, xalçalar, geyim ləvazimatları, yorğan-döşək, qab-qacaq, döşəkcələr, odeyallar, çarpayı) yandırıb külə döndərmişdir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona 20000 (iyirmi min) manatdan artıq maddi ziyan dəymişdir. O, dəfələrlə vurduğu ziyanın ödənilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh vurulan ziyanın ödənilməsini təmin etməmişdir. O, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin bildirir ki, cavabdeh tərəfindən evinin sökülməsini və ev əşyalarının yandırılmasını şahidlər təsdiq edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o və həyat yoldaşı 1993-cü ildən sözügedən bağ sahəsini tutmuşdur. Həmin vaxt ora bataqlıq vəziyyətində olmuşdur. Onlar həmin sahəni abadlaşdırmış, orada balaca bir ev də tikmişdir. Sonradan yoldaşı Ramiz Quliyev şəhid olmuşdur. Ev üçün mebel dəsti yığdırmışdır, həyətdə 50 ədəd ağac əkmişdir. O, əkdiyi ağaclara qulluq etmək üçün qonşunun həyətindən illərlə su daşımışdır. Sonradan başqa şəxslər onun bağına dair saxta sənədlər düzəltmiş, cavabdeh isə onun sahəsini başqa şəxslərə satmışdır. Bundan başqa onun tikdiyi evi cavabdeh və oğlu ona məlumat vermədən sökmüş və əşyalarını da yandırmışdır. Həmin evin içində onun divan-kreslosu, xalçası və başqa əşyaları olmuşdur. Hazırda o, cavabdeh tərəfindən ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2008 və ya 2009-cu illərdə bağ sahəsini Leyla adlı bir xanım satırdı və həmin bağa dair onda çıxarış var idi. Torpaq sahəsinə baxdıqdan sonra həmin torpaq sahəsinin başqasına satılmasında makler kimi iştirak etmişdir. Bağı aldıqdan bir müddət sonra hazırki iddiaçı tərəfindən bağa dair sözsöhbət yarandılmışdır. Belə ki, Pərvanə bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Leyladan bu məsələ barədə soruşmuş, o isə bağ sahəsinin qaynatasına məxsus olduğunu bildirmişdir. Həmin şəxs öldükdən sonra məhkəmə qərarı ilə bağ sahəsinin vərəsə kimi Leylaya məxsus olduğu təsdiqini tapmışdır. Sonra həmin qadın bağ sahəsini başqa şəxsə satmışdır. Göründüyü kimi, burada onun heç biri təqsiri yoxdur. Dəfələrlə iddiaçıya bildirmişdir ki, gedib bağı satan şəxslə mübahisəsini həll etsin. Hazırda torpağın cəmi 2 sotu onun mülkiyyətindədir. Belə ki, torpaq sahəsini alan şəxs ona etibarnamə vermişdir. O, üçüncü vicdanlı alıcıdır. Onu da bildirir ki, bağ sahəsi ona göstərildiyi vəziyyətdə, yəni hasarlı, eyni zamanda içində bir daxma olmaqla alınıb satılmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, 2000-ci ildən həmin ərazidə yaşayır və 2004-cü ildən iddiaçını görmüşdür. İddiaçı həmin bağ sahəsinin abadlaşdırılması üçün çox əziyyət çəkmiş, su daşımış, ağaclar əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, 2003-cü ildə torpaq almış və özünə ev tikmişdir. O, vaxtdan iddiaçı ilə qonşu olmuşdur. İddiaçı həmin bağ evində çox əziyyət çəkmişdir. İddiaçı hasara təxminən 7000-8000 manat, evə isə 3000-4000 manat xərc çəkmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 14 iyun 2005-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər bələdiyyəsinin X11 işçilərinin iştirakı ilə 1985 d saylı bağ sahəsinə baxış keçirilmiş və X6 ərizəsinə əsasən bağ sahəsinin yerində ölçülməsi, rüsuma cəlb olunmaqla sənədlərin Bələdiyyə iclasına göndərilməsi qərara alınmışdır. İşdə olan 01 noyabr 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli HK-1/2693 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan 17 avqust 2006-cı il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər bildirmişlər ki, 1987 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi baxımsızlıq üzündən bataqlığa çevrilmiş, anti-sanitariya vəziyyəti yaranmış və istifadəyə yararsız hala düşmüşdür. X9 1993-cü ilin mart ayından başlayaraq ötən illər ərzində öz vəsaiti hesabına həmin ərazinin bataqlığını qurutmuş, oranı istifadəyə yararlı hala gətirmişdir. Bütün bu illər ərzində onlar həmin bağ sahəsində başqa adam görməmişdirlər. Sumqayıt şəhər Bələdiyyənin təklifindən sonra Bələdiyyənin hesabına pul köçürmüş və 2004-cü ildə ərazini daş hasara almış və yaşamaq üçün ev tikmişdir. Əraziyə əlavə torpaq tökdürmüş və meyvə ağacları əkmişdir. Bütün bu illər ərzində X3 başqa bağa qulluq və ya heç olmasa gəlibgedən kənar şəxs görməmişdirlər. İşdə olan 017213 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, X9 bağ sahəsinin alqı-satqısı üçün Sumqayıt şəhər Bələdiyyəsinə üç milyon manat köçürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1987 saylı 12 sot torpaq sahəsi Quliyev Faqət Ağaidris oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-cı il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Quliyev Faqət Ağaidris oğlu Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1987 saylı 7 sot torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1987 saylı 5 sot torpaq sahəsi Quliyev Faqət Ağaidris oğlunun adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-cı il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Quliyev Faqət Ağaidris oğlu Sumqayıt şəhəri, Noxanı bağ massivi, 1987 saylı torpaq sahəsinə sərəncam verməyi və digər hüquqları 2 il müddətinə Cavabdeh etibar etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qeyd edilən əsasların heç biri mövcud deyil. Belə ki, iddiaçı ümumiyyətlə tələb etdiyi məbləğdə ona ziyan dəyməsi və sözügedən ziyanın məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ərizəsində əşyalarının cavabdeh tərəfindən yandırıldığını və nəticədə ona ziyan dəydiyini bildirsə də, iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi zərərəin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-735/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-735/2023
27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver