Məhkəmə qərarları › İş №2(060)-738/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-738/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-738/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 727,65 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 287,68 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 102 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 706,13 ABŞ dolları cərimə borcunun, cəmi isə 1823,46 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 1220 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də, müqavilənin şərtlərini pozmuşdur. Digər cavabdehlər ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zaminlər bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyırlar. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 727,65 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 287,68 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 102 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 706,13 ABŞ dolları cərimə borcu, cəmi isə 1823,46 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1981-ci ildə, Şabran rayonu, Gəndab kəndində anadan olmuş, hazırda Sumqayıt şəhəri, N saylı hərbi hissədə qeydiyyatdadır. Digər Cavabdeh3 isə xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh1 isə xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faizlə 1220 ABŞ dolları kredit verilmişdir. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, İKM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay 66,96 ABŞ dolları, sonuncu ay isə 67,11 ABŞ dolları ödənilməli idi. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 727,65 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 287,68 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 102 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 706,13 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1823,46 ABŞ dolları təşkil edir. Cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialından kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Digər Cavabdeh3 və Cavabdeh2 isə Cavabdeh1 kredit öhdəlikləri üzrə zamindir. Bu səbəbdən iddiaçı əsas və faiz borcunun, eyni zamanda kredit müddətinin bitdiyi dövrdən sonra illik 5 faizlə hesablanmış borcun və cərimənin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Belə ki, X6 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə həmin cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC tərəfindən verilmiş mülki iddia təmin edilmiş, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49294,14 manat maddi ziyanın mülki cavabdehlər X5 və X3 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Mülki iddianın təmin edilməsinə əsas ondan ibarət olmuşdur ki, “Technom” mağazasının vəzifəli şəxsləri olan təqsirləndirilən şəxslərlə hökmdə adları qeyd edilən vətəndaşlar arasında alqı-satqı müqavilələri bağlanmış və həmin şəxslərə məişət əşyaları satılmışdır. İddiaçı ASC ilə həmin vətəndaşlar arasında bağlanmış kredit müqavilələrinə əsasən “Technom” mağazasından alınmış məişət əşyalarına görə maliyyələşmə İddiaçı ASC tərəfindən həyata keçirilmişdir. Mağazadan məişət əşyaları almış vətəndaşlar aldıqları əşyalara görə kredit ödənişlərinin bir qismini banka deyil mağazanın səlahiyyətli şəxslərinə həyata keçirmişlər. Lakin, mağazanın səlahiyyətli şəxsləri həmin ödənişlərin bir qismini mənimsəyərək banka ödəməmişlər. Bu səbəbdən mənimsənilmiş həmin vəsait qeyd edilən hökmə əsasən təqsirləndirilən şəxslərdən iddiaçının xeyrinə tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X9 və X1 Vaqif Məlik-məmməd oğlunun xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1488 manat məbləğində pul vəsaitinin 1234 manatını iddiaçıya ödəməmişlər. Həmin məbləğ isə qeyd edilən hökmlə X9 və X3 iddiaçının xeyrinə tutulmuş məbləğə aiddir. Qeyd edilməlidir ki, Azərbaycanda devalvasiya 21 fevral 2015-ci ildə baş vermiş, milli bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etmişdir. xx xxxxxx 2015ci ildə isə ölkədə 2-ci devalvasiya olmuş və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşmışdır. Daha sonra isə ölkədə baş vermiş üçüncü devalivasiya nəticəsində 1 ABŞ dollarının məzənnəsi 1,70 manata qədər artmışdır. Cavabdeh kredit müqaviləsi üzrə ödənişlərini 1 ABŞ dollarının 1,55 manata bərabər olduğu dövrə uyğun hesablasaq cavabdehin etdiyi ödənişlərdən iddiaçıya ödənilməyən məbləğ təxminən 796 ABŞ dollarına bərabər olur ki, bu da hazırda iddiaçının cavabdehdən tələb etdiyi əsas borc məbləğindən çoxdur. Belə olan halda cavabdehin iddiaçıya hər hansı borcu qalmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin “Technom” mağazasının vəzifəli şəxslərinə etdiyi ödənişlər Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 291/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə X9 və X3 iddiaçının xeyrinə tutulduğu üçün iddia əsaslı sayıla və təmine dilə bilməz. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 727,65 ABŞ dolları əsas borcun, 287,68 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 102 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 706,13 ABŞ dolları cərimə borcunun, cəmi isə 1823,46 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar