Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7393/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat məbləğində pul, həmçinin avtomobili nasaz vəziyyətdə dəyərindən aşağı satdığı üçün ona dəymiş 5000 manat maddi ziyan, habelə ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 19 aprel 2022-ci il tarixdə avtomobil ustası Cavabdeh özünə məxsus avtomobilin təmiri üçün müraciət etmişdir. Cavabdeh isə öz növbəsində avtomobili təmir etməyi öz üzərinə götürmüş və təmir xərci olaraq ondan 1740 manat pul almışdır. Bundan sonra cavabdeh təmir işlərinə başlamışdır və avtomobilinin bir-iki xırda detalını dəyişdirmişdir. Lakin üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və avtomobilini danışıqları üzrə tam olaraq təmir etməmişdir. Dəfələrlə ona müraciət edib avtomobili təmir etməyi, əks halda 740 manat pulu gördüyü işlərin əvəzinə çıxmasını, qalan 1000 manat pulu geri qaytarmasını tələb etsə də cavabdeh nə avtomobili təmir etməmiş, nə də ki, ona ödənilən pulu qaytarmamışdır. Bundan sonra o, məcbur qalıb avtomobili nasaz vəziyyətdə olduğu üçün dəyərindən aşağı qiymətə satmışdır. Halbuki təmir edib daha baha qiymətə satmağı düşünmüşdü. Həmçinin bildirir ki, ödədiyi pulun məbləği və avtomobilə çəkilən xərclər cavabdeh tərəfindən onun öz əlyazması ilə yazılaraq ona təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 07 dekabr 2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Zaur sözügedən avtomobili aldıqdan sonra onların avto-servisinə gətirmiş və avtomaşında dəmirçi işləri görülmüşdür. Sonradan isə avtomaşının matoru açılıb lazımi işlər görüldükdən sonra avtomaşında rəngsaz işləri həyata keçirilmişdir. Lakin işlərin bitməsinə çox az qalmış Zaur avtomobili satmış və lazımi işləri tam bitirə bilməmişlər. Gördükləri işlərin ödənişini isə o, özü etmişdir. Zaur ona təxminən 1700 manatdan artıq pul vermişdir. Avtomobilin təmirinin bitməsinə az qalmış Zaur avtomaşını satmış və təmirə görə zəhmət haqqını isə verməmişdir. Zaurla əvvəlcə razlaşaraq 1000 manat qaytarılmasını vəd vermiş və bu barədə qəbz yazmışdır. İş materiallarında olan qəbz onun tərəfindən icra olunub. O, 1000 manat pulu Zaura qaytarmağa razı olsa da, hazırda razı deyil. Belə ki, o, avtomaşında təmir işləri gördürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Qəbzin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul vəsaitinin Zaur qaytarılacağı göstərilmişdir. Cavabdeh bu qəbzin mətninin onun tərəfindən yazıldığını etiraf etdi. Məhkəmə hesab edir ki, tərəflər arasında tapşırıq ilə bağlı münasibətlər yarandığından mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 23 və 40-ci fəsillərində təsbit olunmuş «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» və «Tapşırıq» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Mülki Məcəllənin: 777.1. Tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 21-ci maddəyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddənin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunan hüquq normalarına istinadən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə, araşdırma zamanı tədqiq olunan sübutlarla cavabdehin iddiaçıdan nəqliyyat vasitəsinin təmiri ilə bağlı pul vəsaiti alması və işlərin görülməsi lazımı qaydada həyata keçirilmədiyi üçün həmin vəsaitdən 1000 manatı geri qaytarmağı öhdəsinə götürməsi öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. İddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 66,68 manat iddiaçıya aid edilməli, 13,32 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,32 (on üç manat, otuz iki) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7393/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7393/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver