Məhkəmə qərarları › İş №2(060)-7441/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7441/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7441/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 270 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 290 manat tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd Hoffmann markalı telefon almışdır. Müqavilənin şərtlərinə əsasən borcluya alqı-satqı qiyməti 456 manat olan 2 ədəd Hoffmann markalı telefon üçün ümumilikdə 270 manat ödənilməmiş borc hesablanmışdır. Borclunun cəmi ödədiyi məbləğ 186 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6763/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6763/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, "xxxx" MMC-dən 2 ədəd mobil telefon almışdır. Lakin telefonlardan biri onun istifadəsin də qalsa da, gidər telefon xarab olduğundan təmir üçün mağazaya geri qaytarmışdır. Telefon ona qaytarılmadığı üçün mübahisələndirilən pul məbləğini ödəməkdən imtina edir. Əgər telefon ona verilərsə hissə-hissə borcu ödəyər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 040438 saylı müqavilədən və ödəniş cədvəllərindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 456 manat 2 ədəd Hoffmann markalı telefonu 12 ay müddətə hər ay 38 manat ödəniş edilməklə satmağı, cavabdeh həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 040438 saylı müqavilə üzrə 270 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 186 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli 040438 saylı müqavilə üzrə 270 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 040438 saylı müqavilə üzrə 270 (iki yüz yetmiş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar