Məhkəmə qərarları › İş №2(060)-7449/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7449/2025

09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7449/2025 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 58400 (əlli səkkiz min dörd yüz) manat məbləğində pul, eləcə də tərəfindən ödənilmiş 266 (iki yüz altmış altı) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1974-cü il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Bildirmək istəyir ki, hazırkı iş üzrə Cavabdeh onun uzaq qohumudur (qaynının qaynıdır). Qaynı vasitəsi ilə münasibəti yaranmışdır. Təxminən 3 ilə yaxındır ki, cavabdeh söhbət əsnasında özünün alver ilə məşğul olduğunu və onu də işinə qoşa biləcəyini söyləmişdir. O isə etibar etmiş, razılaşmış və bu məqsədlə 70000 (yetmiş min) manat məbləğində pulu cavabdehə vermişdir. Aralarındakı danışıq ondan ibarət olmuşdur ki, mayanı verir, işin aparılmasını isə cavabdeh təşkil edir. Yəni, onun pulunun əsasında cavabdeh gördüyü işi böyüdərək həm o, həm də cavabdeh pul qazanmalı və bu iş məsələsi pulu qaytarana kimi davam etməli idi. İlk vaxtlar cavabdeh verdiyi vədə əməl edərək vaxtı-vaxtında müxtəlif məbləğlərdə ödənişlər vermişdir. Qeyd edir ki, ona verdiyi pul ilə bərabər özü də qazanmışdır. Ən azından ona elə demişdir. Qeyd etmək istəyir ki, həmin pulun bir hissəsini o, başqa bir şəxsdən borc almış, bir müddət sonra cavabdeh həmin pulun 14000 (on dörd min) manatını geri qaytarmış, qaytardığı pulun qalanın da özü düzəldərək geri vermişdir. Artıq son 1 ilə yaxındır ki, cavabdehdən işlərini qaydasına salmağını və pulunu geri qaytarmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələr ilə onu yubadır. Whatsappda yazışmalar və səs yazıları da vardır. Həmin səs yazılarında cavabdeh ona borcu olduğunu, heç yerə qaçmadığını, məhkəməyə versə belə gəlib borcu olduğunu etiraf edəcəyini söyləmişdir. Qeyd edir ki, həmin whatsapp yazışmaları və səs yazıları tərəfindən məhkəmə iclasında təqdim ediləcəkdir. Həmçinin, cavabdeh səs yazısında ona verdiyi pulların aldığı borca aidiyyəti olmadığını, görülən iş nəticəsində alınan pulun olduğunu da etiraf etmişdir. Sonuncu dəfə cavabdeh iş nəticəsində əldə edilmiş pulun bir hissəsini (tam məbləği bilmir) - 600 (altı yüz) manatını ona vermişdir. Cavabdehin borcunu etiraf etməsinə baxmayaraq heç bir ödəniş etmir, onu müxtəlif bəhanələr ilə yubadır, kefinə görə telefon zənglərinə, mesajlara cavab verir. Hazırda cavabdehin ona verməli olduğu pul məbləği 58400 (əlli səkkiz min dörd yüz) manat pulunun geri qaytarılması real təhlükə altındadır. Bu səbəbdən də hazırkı iddia ərizəsi iiə məhkəməyə müraciət edir.

b) iddiaya etiraz

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. İş qurmaq məqsədilə cavabdehə 70000 manat pul vermişdir. Həmin məbləğdən hazırda cavabdehin 58400 manat borcu qalmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, VÖEN-i yoxdur. Tələbdə göstərdiyi 56000 manat qalıq borc, 2400 manat isə ona çatacaq iki aylıq ödənişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, 3 il əvvəl ticarət məqsədilə iddiaçıdan pul almışdır. Hər ay 1000- 1500 manat qazancları olmuşdur. Daha sonra problemlər yaranmış və gəlir götürə bilməmişdir. Hazırda iddiaçıya 56000 manat borcu var. Borcunu hissə-hissə ödəməyə razıdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. Cavabdeh tərəfindən məhkəməyə borcun qismən etirafı barədə xx.xx.2025-ci il tarixli ərizə təqdim edilmişdir.

b) tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

12. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə gəlir əldə etmək üçün 70000 manat məbləğində pul vermişdir. Lakin tərəflər arasında münasibətlər alınmamış, hazırda iddiaçı cavabdehdən pulun qaytarılmasını tələb edir.

13. İddiaçı cavabdeh tərəfindən həmin borcdan 14000 manat ödənildiyini, cavabdehin ona 56000 manat qalıq borc, 2400 manat isə ona çatacaq iki aylıq ödəniş olmaqla, ümumilikdə 58400 manat borcunun qaldığını bildirmişdir.

14. Cavabdehin iddiaçıya 56000 manat borcunun olması məhkəmə iclasında etiraf edilərək bu barədə ərizə təqdim etməklə öz təsdiqini tapmışdır.

15. Odur ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

17. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

18. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

19. İddiaçı cavabdehdən 2400 manat iki ayın ödənişini tələb etsə də, iş materiallarına cavabdehin həmin məbləğdə borcunun olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir.

20. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni iddiaçı sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli cavabdehdən iddiaçının xeyrinə 56000 manat pul tutulmalıdır.

22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 266 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 255.36 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 56000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 255.36 manat olmaqla, cəmi 56255.36 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar