Məhkəmə qərarları › İş №2(060)-7469/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7469/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7469/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21.11.2019-cu il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 39 ay müddətinə, illik 22% olmaqla 8500 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmədən cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7454,87 manat əsas, 1127,03 manat faiz borcunun, cəmi 8581,9 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 21.11.2019-cu il tarixli müqavilə üzrə cavabdehlərdən 7454,87 manat əsas, 1043,26 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli, CC/47834/72/23 saylı kredit sazişi müqaviləsinin surətindən müəyyən edilir ki, bank tərəfindən Cavabdeh əsas kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi məqsədilə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 noyabr 2019-cu il tarixli, CC/47834/72/23 saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 07.08.2020-ci il tarixli razılaşmadan görünür ki, kredit müddəti 22.08.2022-ci il tarixindən etibarən 3 ay müddətinə uzadılır və bu müddət ərzində kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. İş materiallarında olan 21.11.2019-cu il tarixli, CC/47834/72/23 saylı kredit sazişi müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh 21.12.2019-cu il tarixindən etibarən 21.11.2022-ci il tarixinədək hər ay 324,62 AZN olmaqla, yalnız sonuncu ay 328,50 AZN ödəniş etməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 11.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21.11.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 7454,87 manat əsas və 1127,03 manat faiz borcu yaranmışdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli kredit müqaviləsini ləğvetməyə dair bildirişdən görünür ki, Cavabdeh borcunu 3 gün ərzində ödəməyəcəyi təqdirdə borc məbləğinin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı ASC-yə 7454,87 manat əsas və 1043,26 manat, cəmi 8498,13 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli kredit sazişi müqaviləsinə əsasən, Cavabdeh 7454,87 manat əsas və 1043,26 manat faiz borcu, cəmi 8498,13 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış 21.11.2019-cu il tarixli, CC/47834/72/23 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 7454,87 (yeddi min dörd yüz əlli dörd manat səksən yeddi qəpik) manat əsas və 1043,26 (min qırx üç manat iyirmi altı qəpik) manat faiz borcu, cəmi 8498,13 (səkkiz min dörd yüz doxsan səkkiz manat on üç qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar