Məhkəmə qərarları › İş №2(060)-75/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-75/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-75/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı – cavabdeh tərəfindən “Opel Vectra” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilən 6500 manat məbləğində pulun, həmçinin ödənilmiş 86 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə maşın almaq üçün xx.xx.2021-cim ildə atası X8 və yeznəsi X10 ilə birlikdə Sumqayıt şəhərində yerləşən maşın bazarına gəlmiş, həmin vaxt orada “Opel Vectra” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmişdir. Həmin maşının cavabdehlə 6500 manata almaq üçün razılaşmışlar. Həmin tarixdə cavabdehlə birlikdə notariusda avtomobilə dair etibarnamə ona vermişdir. 30 yanvar 2022-ci ilə kimi avtomobil iddiaçının faktiki olraq sahibliyində və istifadəsində olmuşdur.Həmin tarixdə isə avtomobilin sahibi Cavabdeh2 avtomobili iddiaçıdan almışdır. Belə ki, Cavabdeh2 etibarnaməni ləğv etdirmiş, avtomobili ondan almışdır. O,səbəbini soruşduqda isə maşın oğurluq olduğunu bildirmiş, daha sonra iddiaçı bu barədə cavabdehə məlumat vermiş və ödənilən 6500 manat pulun geri qaytarılmasını bildirmişdir. Lakin cavabdeh buna etiraz etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “Opel Vectra” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilən 6500 manat məbləğində pulun, həmçinin ödənilmiş 86 manat dövlət rüsumunu geri qaytarılmalıdır. Həmçinin maşını alarkən cavabdehə 6500 manat pulun verməsini atası X8 və yeznəsi X10 təsdiqləyir və onların iştirakını məhkəmə iclasında təşkil edəcəkdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022 ci il tarixli iclasında Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, İddiaçı Fizuli oğlu özünə maşın almaq üçün atası X8 və yeznəsi X10 ilə birlikdə xx.xx.2021-ci ildə Sumqayıt şəhərində yerləşən maşın bazarına gələrək cavabdeh tərəfindən satılan Opel-Vectra markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və avtomobilin qiymətini 6500 manata razılaşmışlar. Bundan sonra notariusda cavabdeh tərəfindən avtomobilə dair iddiaçıya etibarnamə verilmiş və iddiaçı atası ilə yeznəsinin yanında 6500 manat məbləğində pulu cavabdehə vermişdir. xx.xx.2022-ci il tarixə kimi avtomobil faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Həmin tarixdə avtomobilin sahibi Cavabdeh2 etibarnaməni ləğv etdirərək maşını iddiaçıdan geri almış və iddiaçıya məlum olmuşdur ki, avtomobil oğurluq avtomobildir. Bundan sonra iddiaçı cavabdehdən pulunu geri tələb etmiş, lakin cavadeh pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədən 6500 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Eyni zamanda mübahisəli avtomobilin mülkiyyətçisi Cavabdeh2 olduğundan onun da hazırda cavabdeh qismində işə cəlb olunmasına zərurət yaranmışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, atası və yeznəsinin yanında Cavabdeh1 6500 manat məbləğində pul vermişdir. Maşının təmiz olub-olmamasını yoxlayan zaman Bəhram onu kənara göndərmiş, geri qayıdan zaman digər şəxs maşının təmiz olduğunu bildirmişdir. Tural tanımadığı şəxslə evinə gəlib ona polis sənədi göstərərək maşını aparmışdır. Etibarnamə ona bir il müddətinə verilmişdir. Həmin müddət ərzində o istədiyi təqdirdə avtomaşını başqa şəxsin adına keçirə, yaxud keçirməyə bilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 manat pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Opel markalı maşın bazarda ən çox satılan maşınlardan biridir. Maşının 4200 manata alınıb 5200 manata satılaraq, 100 manat gəlir əldə edilməsi ağlabatan deyildir. Cavabdeh1 izahatında bildirdi ki, avtomobili 4200 manata almışdır. Maşının üzərinə 900 manat civarında xərc qoymuş, 5100 manat xərci çıxmışdır. Lakin maşını 5200 manata 100 manat əlavə pul qoymaqla satmışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən məhkəmə iclası zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, müştərək qaydada pulun tutulması ilə bağlı iddia tələbini qismən qəbul edirlər. İddiaçıya etibarnamə verilən zaman o, maşını başqa şəxsin adına keçirib qeydiyyat şəhadətnaməsi alsa idi, hazırki mübahisə olmayacaqdı. Maşını iddiaçının əlindən onlar almamışdır. Cavabdeh1 maşını Cavabdeh2 5200 manata almış, 1000 manata yaxın xərc çəkmişdir. Onların da xərci vardır. Ona görə də hesab edir ki, 5200 manat pulun digər Cavabdeh2, qalan 1300 manatın isə onlardan tutulması ədalətlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərk izahatında bildirdi ki, vicdanlı alıcıdırlar, zərərçəkəndirlər. İddiaçı onların qanunsuz hərəkətlərinə görə avtomobilindən məhrum olmamışdır. Hər bir halda maşının qiyməti həddindən artıq şişirdilmişdir. Ekspert özü maşının maksimal qiymətini 5000 manat civarında müəyyən etmişdir. O maşının qiyməti heç bir halda 6500 manat ola bilməzdi. Maşının üzərində müəyyən təmin işləri də aparılmışdır. Təmirsiz halda maşın 4200 manata alınmışdır. İddia təmin olunarkən, pul vəsaitinin digər Cavabdeh2 tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, Əsədov Əsəd demişdir ki, “iki avtomobil vardır, onları ver, axşam yola çıxırlar, onlara etibarnamə ver və axşam gəl pulu məndən götür.” Bunun nəticəsində də qol çəkmiş və etibarnamə vermişdir. Avtomobili 1 oktyabr 2021-ci il tarixində satmışdır. Maşının xərci ümumi 4600 manat təşkil etmişdir. Mərdanov Bərham ona heç bir ödəniş etməmişdir. Əsədov Əsədə satmış, etibarnaməni Cavabdeh1 vermiş, lakin Əsəd heç bir ödəniş etməmişdir. Bu minvalnan Əsədov Əsəd 44 nəfərdən eyni qaydada avtomobil götürmüş, heç birinin ödənişini etməmiş, X3 Əsəd barəsində axtarış elan etmişdir. Əsədov Əsəd ödəniş etmədiyi üçün, Əsəd barəsində şikayətçi olmuşdur. İddiaçı zərərçəkmiş şəxs kimi Əsədov Əsədin işində qeyd olunmuşdur.Hal-hazırda avtomobil ondadır. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: X13 ifadəsində bildirdi ki, oğlu maşın almaq istəmiş və bu səbəbdən də Sumqayıt şəhərinə gəlmişdirlər. Bir maşın bəyənmiş, atasına demişdir ki, maşının qiyməti 6500 manatdır. Atası isə pulu sayıb vermiş və demişdir ki, Allah xeyir eləsin. X1 ifadəsində bildirdi ki, Cavabdeh1 ilə ailəvi dostdur. İkisi də rayona maşın almaq üçün getmişdirlər. O, maşın ala bilməmiş, lakin Cavabdeh1 maşın almış, sonra isə İddiaçı satmışdır. Sumqayıt bazarında, həftənin altıncı günü, 2021-ci ilin oktyabr ayının 9-u maşını satarkən yanında olmuşdur. Gəncədən 4200 manata maşını satın almışdır. Sonra yolda maşın xarab olmuş, evakuator vasitəsi ilə maşını gətirmiş, sonralar isə təxminən 900 manat məbləğində vəsait üstünə qoymuşdur. 5500 manata avtomobili satdığa çıxarmışlar, lakin 5200 manata satılmışdır. X2 ifadəsində bildirdi ki, Bəhram dayısıdır. Bildirdi ki, dayısı maşın alqı-satqısı ilə məşğul olur. Həmin zaman o da maşını satdığa çıxarmışdır. İddiaçı maşını almış, o zaman danışıqlara qulaq asmış, notarius xidmətinə isə birgə getməmişdirlər. 5500 manata satdığa çıxarmış, 5200 manata razılaşmışlar. 4200 manata maşını satın almışdır. Sonra yolda maşın xarab olmuş, evakuator vasitəsi ilə maşını gətirmiş, sonralar isə təxminən 900 manat məbləğində vəsait üstünə qoymuşdur. Lakin sonradan əlində vəsait olmadığı üçün maşını satdığa çıxamışdır. 5100 manat xərci var imiş, o isə 5500 manata satdığa çıxarıbmış ki, kim nə qədər versə maşını satar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5140/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadının ekspert qarşısında qoyulan sual hissəsində dəyişdirilməsi haqqında qərardad qəbul edilməsini və məhkəmə-əmtəəşünaslıq ekspertinin qarşısında aşağıdakı sual qoyulmasını: - Cavabdeh2 mülkiyyətində olan 1999-cu il buraxılışlı, “Opel Vectra” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı, W0L0JBF19X1060349 ban nömrəli avtomobilin 2021-ci ilin oktyabr ayında real bazar qiyməti neçə manat təşkil etmişdir? xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə qəbul edilmiş 2(060)- 5140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın dəyişdirilməsi barədə Cavabdeh1 nümayəndəsi-Vəkil2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixli, 033306 nömrəli etibarnamənin əslindən görünür ki, mülkiyyətçi Cavabdeh2 “OPEL VECTRA MİNİK” minik markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” hüquqları əsasında etibarnamə vermişdir. Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, iştirakçılar mülkiyyətçi Cavabdeh2, etibar edən Cavabdeh1 və İddiaçıdur. Noraiat hərəkətinin növü etibarnamələrin təsdiq edilməsi olmaqla, etibarlılıq müddəti xx.xx.2022-ci il tarixə qədərdir. 26 dekabr 2022-ci il tarixli 9/8523 nömrəli ekspert rəyindən görünür ki, Opel Vectra markalı, 1999-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 5000 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qanuni əsaslarla aldığı avtomobili Cavabdeh1 ona avtomobilin mülkiyyətçisi tərəfindən (etibar edilən) olmaqla almış, sonradan avtomobilin mülkiyyətçisi tərəfindən geri alınmışdır. Belə ki, Cavabdeh2 izahatına əsasən Əsəd Əsədov “iki avtomobil vardır, onları ver, axşam yola çıxırlar, onlara etibarnamə ver və axşam gəl pulu məndən götür.” Bunun nəticəsində də qol çəkmiş və etibarnamə vermişdir. Avtomobili 1 oktyabr 2021-ci il tarixində satmışdır. Maşının xərci ümumi 4600 manat təşkil etmişdir. Bərham Mərdanov ona heç bir ödəniş etməmişdir. Əsəd Əsədova satmış, etibarnaməni Cavabdeh1 vermiş, lakin Əsəd heç bir ödəniş etməmişdir. Ona görə də Əsəd Əsədov 44 nəfərdən eyni qaydada avtomobil götürmüş, heç birinin ödənişini etməmiş, o, ödəniş etmədiyi üçün Əsəd barəsində şikayətçi olmuş, onun barəsində axtarış elan edilmiş, zərərçəkmiş şəxs kimi Əsədov Əsədin işində qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, vicdalı alıcı olaraq İddiaçı əmlakından cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində məhrum olmuşdur. Məhkəmə araşdırması nəticəsində ekspertizanın rəyindən yüksək məbləğdə iddia tələbi təmin edilərkən məhkəmə gəldiyi qənaəti onunla əsaslandırır ki, avtomobilin cavabdehin etirafına əsasən məbləğinin 4200 manata alınıb, 900 manat əlavə təmir etməklə satışı ağlabatan olmamaqla, məhkəmə üçün inandırıcı deyil. Belə ki, 100 manat gəlir əldə etməklə avtomobilin satışının həyata keçirilməsini təsdiq edən dəlillər məhkəmə gedişatında təqdim olunmamışdır. Bütün qeyd olunan xüsusatları məhkəmə nəzərə alamaqla bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan Cavabdeh1 İddiaçı xeyrinə, avtomobilin dəyəri üçün 6200 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, avtomobil tibarnamə əsasında qanuni əsaslarla qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərlə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 4 (dörd) manatı iddiaçıya aid edilməli, 82 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Avtomobilin alınması üçün ödənilmiş 6200 (altı min iki yüz) manat məbləğində pul və ödənilmiş 82 (səksən iki manat) dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar