Məhkəmə qərarları › İş №2(060)-750/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-750/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-750/2021 16.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 552 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Sumqayıt şəhərində fəaliyyət göstərən “İdeal Korreksiya və İnkişaf Mərkəzi”-nin rəhbəridir. 14.04.2010-cu il təvəllüdlü oğlu X1 nitqində qüsur olduğu üçün onu 03.01.2019cu ildə həmin mərkəzə aparmış və orada ona “tonik kəkələmə” diaqnozu qoyulmuşdur və 04.01.2019-cu il tarixdən müalicəyə başlanmışdır. Mərkəzin rəhbəri Cavabdeh ona kursun 6-9 ay davam edəcəyini və oğlunun danışığının düzələcəyini bildirmişdir. Həmçinin otaqda kamera olduğunu, istədiyi zaman müalicənin gedişinə baxa biləcəyini söyləmişdir. Lakin müalicə başlandıqdan sonra ona vəd edilən kimi kamera vasitəsi ilə müalicənin gedişinə baxa bilməmişdir. Müalicə müddətinin 6-9 ay olmasına baxmayaraq, oğlu cəmi 4 ay müalicə almışdır və heç bir xeyri olmamışdır. Ona masajın 21 seans olacağını və sonradan ancaq loqoped dərslərinin olacağını söyləsə də, sonradan artıq pul almaq məqsədi ilə əlavə masaj seansları yazılmışdır. Cavabdeh ona zəng vuraraq Kənanı bir daha ora gətirməməyini bildirmiş və müalicəni yarımçıq qoymuşdur. Ona telefonda “uşağı bir daha bura gətirsən sənin qıçını sındıracam” demişdir. Müalicə düzgün aparılmamış, orada oğluna qarşı sərt münasibət bəslənmiş, şiddət tətbiq olunmuşdur. Müalicədən sonra danışığı düzəlmək əvəzinə daha da pisləşmişdir. O, heç bir yerdə işləmir, kirayədə yaşayır. Oğlunun müalicə pulunu borc taparaq ödəmişdir. Hal-hazırda həmin borcları ödəyə bilmir. Həmin kursun standart bir qiyməti yoxdur. Cavabdeh hamıdan müxtəlif məbləğlərdə pul tələb edirdi. 4 ay içində həmin kursa müalicə üçün 550 manat pul ödəmişdir. Həmin pulun qaytarılması üçün cavabdehə dəfələrlə müraciət etsə də, pulu geri qaytarmamışdır. Bundan sonra məcbur qalaraq pulun geri qaytarılması üçün polisə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Orada müalicə alan digər uşaqların valideynləri cavabdehdən pullarını geri almış, o isə pulunu geri istədikdə ona hədə-qorxu gələrək otaqdan qovmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. 17 noyabr 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının oğlu rəhbəri olduğu mərkəzdə müalicə olunub. İddiaçı tərəfindən uşağın müalicəsi üçün mərkəzə müraciət edilmiş, uşağı özü qəbul etmiş, uşağa “tonik kəkələmə” diaqnozunu qoymuşdur. Bildirmişdir ki, 6-9 ay müddətinə uşaqla məşğul olacaqlar. İddiaçı özü də buna razılıq vermiş və tərtib olunmuş proqram əsasında müalicəyə başlanılmışdır. Müalicə ali təhsilli psixoloq tərəfindən aparılmış, lakin sonra iddiaçı uşağı müalicəyə gətirməkdən imtina etmiş və heç bir əsas olmadan ödənilmiş haqqı geri tələb etməyə başlamışdır. Düşünür ki, uşağın müalicəsi üçün lazım olan tədbirlər edilmişdir. İddia əsassızdır və rədd edilməsini xahiş edir. 16 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin izahatında göstərdiklərini müdafiə etdi və iddianın rədd edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, cavabdeh vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır və hüquqi şəxs yaratmadan sahiblkarlıq fəaliyyəti həyata keçirərək İdeal Korreksiya və İnkişaf Mərkəzində fəaliyyət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təhminə Əkbərzadə ifadəsində göstərdi ki, o, ali təhsillidir, ADPİ-ni bitirmiş, ixtisası psixoloqdur. Hazırda işləmir, əvvəllər “İdeal Korreksiya və İnkişaf Mərkəzi”ndə işləmişdir. Tərəfləri oradan tanıyır. Həmin mərkəzdə Könül xanımın rəhbərliyi ilə psixoloq kimi işlədiyi vaxt iddiaçının oğlu Kənana “tonik kəkələmə” diaqnozu qoyulmuşdur. Könül xanım diaqnozu qoyduqdan sonra Kənanın müalicəsi üçün dərslərin keçirilməsini ona tapşırmışdır. Uşağa nevroloji, loqopedik və psixoloji seanslar lazım idi. İddiaçı imkanı olmadığını bildirdiyi üçün qiymətdə ona güzəştlər edilmişdir. Seansları özü aparmışdır. Əvvəl həftədə 4 dəfə olmuş, sonradan 3 dəfəyə endirilmişdir. 1 seansın müddəti 45 dəqiqə olmuşdur. Uşağa evə tapşırıqlar vermişdir. Seanslar 4 ay davam etmiş, normalda bu diaqnozla müalicə alanların seans müddəti 6 ay olmalıdır. Xəstənin nitqində inkişaf olub. Sonra Ruqiyə xanım müalicənin aparılmasının gedişatı ilə razı olmadığını, nəticənin onu qane etmədiyini, buna görə də pulun qaytarılmasını istədiyini bildirmişdir. Kənan gələndə danışa bilməmiş, lakin müalicədən sonra əvvəlkindən çox fərq olmuş, artıq fikrini rahat formada ifadə edə bilmiş, nitqində az kəkələmə qalmışdır. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirərək İdeal Korreksiya və İnkişaf Mərkəzində fəaliyyət göstərmişdir. İddiaçı oğlu 04.14.2010-cu il təvəllüdlü X2 müalicəsi ilə bağlı həmin Mərkəzə müraciət etmiş, uşağa “tonik kəkələmə” diaqnozu qoyulmuş, 21 seans loqoped-masaj dərslərindən ibarət 6-9 ay müddətlik müalicə kursu təyin edilmişdir. İddiaçı tərəfindən uşaq 4 ay müddətində Mərkəzə aparılaraq təyin olunan kursları keçmiş, bu müddət ərzində iddiaçı tərəfindən 550 manat ödəniş ödənilmişdir. İddiaçı təyin olunan müalicənin heç bir xeyri olmadığını, cavabdeh tərəfindən müalicənin tam aparılmadığını, cavabdehin hərəkətələri nəticəsində ona maddi zərər vurulduğunu iddia edir və ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Mülki iş materiallarınd olan: İdeal Korreksiya və İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş nitq xəritəsindən görünür ki, 04.14.2010-cu il təvəllüdlü X5 03.01.2019-cu il tarixdə qəbul edilmiş, “tonik kəkələmə” diaqnozu qoyulmuş, 21 seans loqoped-masaj dərslərindən ibarət 6-9 ay müddətlik müalicə kursu müəyyən edilmişdir. İdeal Korreksiya və İnkişaf Mərkəzinin 15 yanvar 2019-cu il tarixli arayışından görünür ki, 04.14.2010-cu il təvəllüdlü Kənan Mövlamlı ağır formalı loqonevroz (kəkələmə) diaqnozu ilə Mərkəzdə mütəmadi olaraq loqopedik-psixoloji təlim alır və uzunmüddətli intensiv təlimə ehtiyacı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (yalnış diaqnoz və s.nəticəsində) şəxsin sağlamlığına vurmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasinin Qanununun 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 29 iyun 2021-ci il tarixli, 1807 saylı məhkəmə-tibb ekspert rəyindən görünür ki, “İdeal Koreeksiya və İnkişaf Mərkəzində” Kənan Mövlamlının adına tərtib edilmiş nitq xəritəsindən görünür ki, ona “Tonik Kəkələmə” diaqnozu düzgün təyin edilmişdir. “İdeal Korreksiya və İnkişaf Mərkəzində” Kənan Mövlamlının adına tərtib olunmuş sənədlərdə göstərilənlərə əsasən, o, 03.01.2019-cu il tarixdən “tonik kəkələmə” diaqnozu ilə mərkəzdə 21 seans masaj və loqopedik-psixoloji təlim dərsləri almış və uzun müddətli intensiv təlimə ehtiyacı vardır. K.Mövlamlının mütəxəssis müayinəsi zamanı hazırda onda “Tonik kəkələmənin” olduğu müəyyən edilmişdir. Bu baxımdan aparılmış təlim dərsləri nəticəsində xəstədə müsbət effekt əldə edilməmişdir. Qeyd olunan diaqnozla əlaqədar xəstədə müsbət effektin əldə edilməsi məqsədilə loqoped-psixoloqun nəzarəti altında müvafiq intensiv müalicə kursları tətbiq edilə bilər. Effektiv müalicənin proqnozu haqqında əvvəldən fikir söylənilməsi mümkün deyil. Məhkəmə qeyd edilən ekpert rəyini iş üzrə toplanmış digər sübutlarla birlikdə araşdırıb hesab edir ki, Mülki Prosessual Məcəllənin 76 və 88-ci maddələrinə müvafiq olaraq mötəbər sübut növü kimi qəbul edilməlidir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının oğluna şikayətinə uyğun diaqnoz qoyulmuş və müalicə kursları təyin edilmişdir. Qeyd olunan diaqnoz üzrə uzun müddətli intensiv təlim kurslarının tətbiqi tələb olunmuşdur. Uşağa 21 seans masaj və loqopedikpsixoloji təlim dərsləri təyin edilməsinə baxmayaraq, müalicə kursu tam başa çatdırılmamış, iddiaçı dörd ay uşağı müalicə kurslarına aparmış, daha sonra təlim kurslarını davam etdirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübut etmə yükünin iddia edənin uzərinə düşməsi prinsipini rəhbər tutaraq hesab edir ki, iddiaçı iddia tələbini əsaslandığı halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədi. Məhkəmə aparılmış müalicələrin düzgün aparılmaması ilə bağlı dəlillərin iddiaçı tərəfindən formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin mötəbər sübutlarla öz təsdiqini tapmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia məhkəmədə sübuta yetirilmədiyindən rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar