Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-750/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə Cəbrayıl şəhərində anadan olmuşdur. Məcburi köçkündür. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2anında faktiki olaraq yaşayır. Hazırki iş üzrə cavabdehləri qeyd olunan hadisə baş verməzdən əvvəl tanımamışdır. Belə ki, buraxılış ili 2003-cü il olan “BMW 530 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nömrəli avtomobili iş üzrə Cavabdeh2 13000 manat məbləğində iddiaçıya satmışdır. Avtomobilin mülkiyyətçisi iş üzrə digər Cavabdeh1 olmuş, o, avtomobili bir müddət idarə etdikdən sonra Pərviz adlə şəxsə ümumi etibarnamə əsasında satmış, sonuncu isə bir müddət sonra sözügedən avtomobili Cavabdeh2 satmış, daha sonra isə yuxarıda da qeyd edildiyi kimi sonuncu olaraq avtomobil Bəhruz tərəfindən 13000 manat müqabilində iddiaçıya satılmışdır. Bu günə qədər də avtomobilin mülkiyyətçisi Cavabdeh1 olaraq qalmış, alqı-satqılar məhz ümumi etibarnamələr əsasında aparılmışdır. Daha sonra isə Eloğlu verdiyi etibarnamələri ləğv etdirmişdir. İddiaçı onunla əlaqə saxladıqda isə borca görə etibarnaməni ləğv etdirdiyini bildirmişdir. İddiaçının Eloğlu ilə heç bir əlaqəsi, eləcə də avtomobili alan zaman ona kimin nə qədər borcu olması barədə məlumatı olmamış, yalnız maşının onun mülkiyyətində olmasını bilmişdir. Bu hadisədən sonra Eloğluya bu məsələnin iddiaçıya aidiyyəti olmadığını, onun avtomobilin pulunu ödəyərək aldığını və yenidən etibarnamə verməsini tələb etdi. Eloğlu isə iddiaçının çoxsaylı təkidlərindən sonra yalnız avtomobili idarə edə bilməyi üçün etibarnamə vermiş, lakin bir müddət sonra yenə də əsassız olaraq ləğv etdirmişdir. Hazırda iddiaçıya aidiyyəti olmayan məsələlərdən dolayı avtomobili istifadə edə bilmir. Cavabdehlərdən pulunu qaytarmalarını tələb etsə də nəticəsi olmamışdır. Belə ki, iş üzrə Cavabdeh1 ona pul vermədiyini və pulu kimə verib maşını almışdırsa ondan istəməyini bildirmişdir. İddiaçı isə qeyd etdiyi kimi mübahisənin ona heç bir aidiyyətinin olmadığını, özünün də bunu yaxşı bildiyini, əks halda onu tanımaya-tanımaya nəyə görə sonradan avtomobili idarə etmək üçün etibarnamə verdiyini bildirsə də faydası olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13000 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, avtomobilini satan zaman Əliyev Pərviz və Nəriman adlı şəxslər onun yanına yaxınlaşdılar. Əvvəlcə ondan avtomobilin dəyərini soruşdular, daha sonra isə sözügedən avtomobili torpaq sahəsi ilə dəyişdirməyi təklif etdilər. Əvvəlcə bu təklif ilə razılaşmamış, lakin onlar davamlı avtomobili dəyişdirməyi ilə bağlı onu təkid edirdilər. İlk olaraq Nəriman adlı şəxsin avtomobilinə əyləşərək torpağa baxmağa getmişlər. Təxminən 200 metr yol gedəndən sonra avtomobilin arxa oturacağında Pərviz adlı şəxsin olduğunu görmüş və torpağın ona aid olduğunu öyrənmişdir. Aralarında 0,04 hektar torpaq sahəsi ilə bağlı 19000 manata razılıq əldə olundu. O, əlavə 8000 manat ilə birlikdə avtomobilini torpağın sahibinə verməli idi. Avtomobilin alqı-satqı edilməsi ilə bağlı notariat orqanına yaxınlaşdılar və orada ona etibarnamə verildi. Həmin vaxt onun Pərvizə 8000 manat borcu yarandı. Təxminən bir ay sonra 8000 manat məbləğində borcu qaytardı. O, dəfələrlə Pərvizə torpağı adına keçirməli olduğunu bildirdi. Daha sonra Pərviz bir neçə şəxsi aldatdığı üçün həbs edildi. Pərvizin qayınatası və Nəriman adlı şəxslə əlaqə saxladı, həmçinin Nəriman barəsində aidiyyatı orqanlara şikayətlər etdi, lakin şikayətlərinə baxılmadı. Məcburiyyət qarşısında qalaraq avtomobilə verdiyi etibarnaməni ləğv etdi və avtomobilin üzərinə həbs qoydurdu. Bundan sonra, iddiaçı yaxınlaşaraq, ona avtomobil üçün etibarnamə verməyini istədi. Baş Dövlət Yol Polis İdarəsinə yaxınlaşaraq, avtomobilin üzərində olan həbsin götürülməsi ilə bağlı müraciət etdi və iddiaçıya avtomobilə dair etibarnamə verdi. Hazırda Pərviz həbsdən çıxmışdır. O, yanvar ayının əvvəlində onunla görüşmüş və ayın axırına qədər pulu qaytaracağını bildirmişdir. Avtomobilini etibarnamə ilə X4 vermiş və Pərviz də eyni qaydada torpağı ona etibarnamə ilə vermişdir. Qeyd olunanlara əəsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, digər qardaşları ilə birlikdə avtomobil bazarında avtomobil axtarırdılar. Bu zaman Pərvizlə qarşılaşdılar. Pərviz sözügedən avtomobili satırdı və onlar da həmin avtomobili almaq istədilər. Avtomobili 11000 manata Pərvizdən aldıqdan sonra, qardaşı Bəhruz həmin avtomobili 12500 manata iddiaçıya satdı. Avtomobili etibarnamə ilə satdılar. Sözügedən avtomobili qardaşı Bəhruz satmışdır. Həmin pul məbləği Pərvizə çatmışdır. Qardaşı hazırda Rusiyadadır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, iddiaçı ilə birlikdə “BMW 530 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nömrəli avtomobili almışlar. Həmin avtomobili 12500 manata Bəhruzdan almışlar və alarkən heç bir problem olmamışdır. Bəhruz avtomobili iddiaçıya etibarnamə ilə vermişdir. Avtomobili aldıqdan 6 ay sonra üzərinə həbs qoyulduğu məlum olmuşdur.
10. İş materiallarında olan AE seriyalı 080731 saylı, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 530 minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamə etibarəetmə qaydasında verilərsə, nümayəndə X6 tərəfindən Cavabdeh1 Zakir oğluna məxsus olan “BMW 530 minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixədək Cavabdeh2 istifadəsinə verilmişdir.
12. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 Adil oğlunun mülkiyyətində olan “BMW 530 minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixədək etibarnamə ilə idarəetmə hüququ əsasında İddiaçı sahibliyinə verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan “BMW 530 minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İddiaçı həmin avtomobili əldə etmək üçün Cavabdeh2 12500 manat pul ödəyib. Cavabdeh2 isə sözügedən avtomobili X3, X6 isə Cavabdeh1 almışdır. Sonradan Cavabdeh1 ilə X6 arasında mübahisə yaranıb. Belə ki, sözügedən avtomobilə dair etibarnamə Cavabdeh1 tərəfindən ləğv edilmişdir. Buna səbəb X6 tərəfindən aldadılması olmuşdur. Hazırda iddiaçı avtomobilə görə ödədiyi pulu cavabdehlərdən geri tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
22. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
25. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
26. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci madddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
27. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.
28. Eyni Məcəllənin 573.2-ci maddəsinə əsasən alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir.
29. Məhkəmə qeyd edir ki, tərəflər arasında sözügedən avtomobilin alqı-satqısı barədə razılaşmada iddiaçı mülki-hüquqi vicdanlılıq vəziyyətində olmuş, faktiki olaraq həmin avtomobilin sahibi olmuşdur. Lakin sözügedən avtomobilə dair etibarnamə Cavabdeh1 tərəfindən ləğv edilmişdir. Buna səbəb avtomobili satdığı Pərviz adlı şəxs tərəfindən aldadılması olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən avtomobillə bağlı İddiaçı tərəfindən Cavabdeh2 cəmi 12.500 manat pul verilmişdir.
30. Məhkəmə onu da qeyd edir ki, iddiaçı mübahisələndirilən pul məbləğinin 12500 manatdan artıq olan, yəni 500 manat hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
31. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
32. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
33. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
34. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
36. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
37. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
38. Mülki hüquqda əşyalar müəyyən olunma əlamətinə görə 2 yerə bölünür :1) növ əlamətinə görə müəyyən olunan əşyalar; 2) fərdi əlamətə görə müəyyən olunan əşyalar. Hazırkı işdə mübahisə predmeti puldur, pul isə növ əlamətinə görə müəyyən olunan əşyadır. İddiaçı 12500 manat pulu (növ əlamətinə görə müəyyən olunan əşyanı) Cavabdeh2 verib. O, Cavabdeh1 pul verməyib. İddiaçı pulunu (növ əlamətinə görə müəyyən olunan əşyanı) kimə veribsə həmin şəxsən geri tələb edə bilər. O, pulu Cavabdeh2 verib. Əgər mübahisənin predmeti fərdi əlamətə görə müəyyən olunan əşya olsaydı, belə halda əşya hazırda kimin sahibliyindədirsə ondan tələb oluna bilərdi. Mülki Məcəllənin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini müəyyən edib. Cavabdeh1 12500 manat pula münasibətdə əsassız varlanmış şəxs sayılmır. Ona görə də həmin pul Cavabdeh1 tutula bilməz, çünki ona qarşı yönəlmiş tələb əsassızdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 12500 (on iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 12500 (on iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva