Məhkəmə qərarları › İş №2(060)-7536/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7536/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7536/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 07.09.2019-cu il tarixli müqavilə üzrə «Samsung» markalı televizor üçün 1750 manat ödənilməmiş hissə, 522 manat dəbbə pulu, 07.09.2019-cu il tarixli müqavilə üzrə «LG» markalı paltaryuyan üçün 1908 manat ödənilməmiş hissə, 572 manat dəbbə pulu, 06.09.2019-cu il tarixli müqavilə üzrə «PLAYSTATİON-4SONY 1TB PRO» üçün 586 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, 06.09.2019-cu il tarixli müqavilə üzrə «Samsung» markalı soyuducu üçün 4932 manat ödənilməmiş hissə, 1480 manat dəbbə pulu, ümumilikdə 11929 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11929 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 07.09.2019-cu il, 07.09.2019-cu il, 06.09.2019-cu il, 06.09.2019-cu il tarixli müqavilələrə əsasən “LG” markalı paltaryuyan, “Samsung” markalı televizor, “PLAYSTATİON-4SONY 1TB PRO”, “Samsung” markalı soyuducu almış, nəticədə 11929 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.09.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1908 manat «LG» markalı paltaryuyan üçün ümumilikdə 2480 manat olmaqla onun 1908 manat ödənilməmiş hissə, 572 manat dəbbə pulu, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2484 manat olan “Samsung” markalı televizor üçün ümumilikdə 2275 manat olmaqla onun 1750 manat ödənilməmiş hissə, 525 manat dəbbə pulu, 06.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 880 manat olan “PLAYSTATİON-4SONY 1TB PRO” üçün ümumilikdə 762 manat olmaqla onun 586 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, 06.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5212 manat olan «Samsung» markalı soyuducu üçün ümumilikdə 6412 manat olmaqla onun 4932 manat ödənilməmiş hissə, 250 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1480 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1981-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 06.09.2019-cu il tarixli, 00893385 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd “PLAYSTATİON-4SONY 1TB PRO” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 06.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 2 ay müddətində hər ay 293 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 06.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd “PLAYSTATİON-4SONY 1TB PRO”-nu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 06.09.2019-cu il tarixli, 00893090 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Samsung» markalı soyuducu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 06.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 274 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 06.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung” markalı soyuducunu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 07.09.2019-cu il tarixli, 00895321 müqaviləyə əsasən iddiaçı cavabdehə «LG» markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 07.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 106 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 07.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “LG” markalı paltaryuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 07.09.2019-cu il tarixli, 00895372 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung» markalı televizor satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 07.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd “Samsung» markalı televizoru iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 04.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1908 manat olan «LG» markalı paltaryuyan üçün ilkin ödənişsiz heç bir ödəniş etməmişdir. Cavabdehin 1908 manat ödənilməmiş hissə və 572 manat cərimə olmaqla, cəmi 2480 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2484 manat olan “Samsung” markalı televizor üçün ilkin ödəniş 734 manat olmaqla, 734 manat ödəniş etmişdir. Cavabdehin 1750 manat ödənilməmiş hissə və 525 manat cərimə olmaqla, cəmi 2275 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 880 manat olan ədəd “PLAYSTATİON-4SONY 1TB PRO” üçün ilkin ödəniş 294 manat olmaqla, 294 manat ödəniş etmişdir. Cavabdehin 586 manat ödənilməmiş hissə və 176 manat cərimə olmaqla, cəmi 762 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 5212 manat olan “Samsung” markalı soyuducu üçün ilkin ödəniş 280 manat olmaqla, 280 manat ödəniş etmişdir. Cavabdehin 4932 manat ödənilməmiş hissə və 1480 manat cərimə olmaqla, cəmi 6412 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 4272 manat ödənilməmiş hissə və 1269 manat cərimə olmaqla, cəmi 5541 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 9176 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 9176 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 9176 manat əsas borc məbləğinə 2753 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 410 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 9176 manat ödənilməmiş hissə və 410 manat dəbbə pulu olmaqla, cəmi 9586 (doqquz min beş yüz səksən altı) manat borc və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar