Məhkəmə qərarları › İş №2(060)-7542/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7542/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7542/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21.12.2018-ci il tarixli müqavilə üzrə «Samsung Galaxy A6 PLUS» markalı telefon üçün 572 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.02.2019-cu il tarixli müqavilə üzrə «İphone 8» markalı telefon üçün 1750 manat ödənilməmiş hissə, 528 manat dəbbə pulu, 21.12.2018-ci il tarixli müqavilə üzrə «LG» markalı qabyuyan üçün 1106 manat ödənilməmiş hissə, 323 manat dəbbə pulu, 11.03.2019-cu il tarixli müqavilə üzrə «HOFFMANN» LED TV, «HOFFMANN» səsucaldıcı, «Sonorous Surefix 230» model asılqan üçün 844 manat ödənilməmiş hissə, 250 manat dəbbə pulu olmaqla, ümumilikdə 5411,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 21.12.2018-ci il, 15.02.2019-cu il, 21.12.2018-ci il, 11.03.2019-cu il tarixli müqavilələrə əsasən «Samsung Galaxy A6 PLUS» markalı telefon, «İphone 8» markalı telefon, «LG» markalı qabyuyan, «HOFFMANN» LED TV, HOFFMANN səsucaldıcı, «Sonorous Surefix 230» model asılqan almış və nəticədə 5541 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 918 manat «Samsung Galaxy A6 PLUS» markalı telefon üçün ümumilikdə 740 manat olmaqla onun 572 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, 15.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2337 manat olan «İphone 8» markalı telefon üçün ümumilikdə 2278 manat olmaqla onun 1750 manat ödənilməmiş hissə, 528 manat dəbbə pulu, 21.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1466 manat olan “LG” markalı qabyuyan üçün ümumilikdə 1429 manat olmaqla onun 1106 manat ödənilməmiş hissə, 323 manat dəbbə pulu, 11.03.2019-cuil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 936 manat olan «HOFFMANN» LED TV, «HOFFMANN» səsucaldıcı, «Sonorous Surefix 230» model asılqan üçün ümumilikdə 1094 manat olmaqla onun 844 manat ödənilməmiş hissə, 250 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1385 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1994-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 21.12.2018-ci il tarixli, 00428280 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «LG» markalı qabyuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 21.12.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 19 ay müddətində hər ay 77 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 21.12.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «LG» markalı qabyuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 21.12.2018-ci il tarixli, 00428231 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Galaxy A6 PLUS» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 21.12.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 51 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 21.12.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «Samsung Galaxy A6 PLUS» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 11.03.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə «HOFFMANN» LED TV, «HOFFMANN» səsucaldıcı, «Sonorous Surefix 230» model asılqan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 11.03.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 52 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 11.03.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh «HOFFMANN LED TV, «HOFFMANN» səsucaldıcı, Sonorous Surefix 230 model asılqanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 18.10.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung Galaxy A6 PLUS» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış 15.02.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «İphone 8» markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 15.02.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 110 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 15.02.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd «İphone 8» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 03.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 918 manat olan «Samsung Galaxy A6 PLUS» markalı telefon üçün ilkin ödənişsiz 346 manat ödəniş etmişdir. Cavabdehin 572 manat ödənilməmiş hissə və 168 manat cərimə olmaqla, cəmi 740 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2337 manat olan «İphone 8» markalı telefon üçün ilkin ödəniş 357 manat olmaqla, 587 manat ödəniş etmişdir. Cavabdehin 1750 manat ödənilməmiş hissə və 528 manat cərimə olmaqla, cəmi 2278 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1466 manat olan «LG» markalı qabyuyan üçün ilkin ödəniş 3 manat olmaqla, 360 manat ödəniş etmişdir. Cavabdehin 1106 manat ödənilməmiş hissə və 323 manat cərimə olmaqla, cəmi 1429 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 936 manat olan «HOFFMANN» LED TV, «HOFFMANN» səsucaldıcı, Sonorous Surefix 230 model asılqan üçün ilkin ödənişsiz, 92 manat ödəniş etmişdir. Cavabdehin 844 manat ödənilməmiş hissə və 250 manat cərimə olmaqla, cəmi 1094 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 4272 manat ödənilməmiş hissə və 1269 manat cərimə olmaqla, cəmi 5541 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 4272 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 4272 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 4272 manat əsas borc məbləğinə 1269 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 390 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4272 manat ödənilməmiş hissə, 390 manat dəbbə pulu olmaqla, cəmi 4662 (dörd min altı yüz altmış iki) manat borc və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar