Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7569/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: maddi ziyanın ödənilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə mənzili alqı-satqı yolu ilə qanuni şəkildə cavabdehin anası X1 almışdır. Yanvar ayında X3 alqısatqı müqaviləsinin qanunsuz olduğunu bildirərək məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasları gedişində cavabdeh mart ayında vəfat etmişdir. Vərəsəsi kimi qızı Cavabdeh məhkəmə iclaslarını onun adından çıxış edərək məhkəməni davam etdirmişdir. Yekun məhkəmə qətnaməsi onun xeyrinə qəbul edilmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsində öhdəlik kimi evdən çıxmağı dərhal qəbul etsə də, xx.xx.2024-cü il tarixdən 2025-ci ilin oktyabr ayına kimi evdən çıxmamışdır. Alqı-satqı müqaviləsində dərhal evdən çıxması göstərilməklə bərabər həmçinin ona əməl etmədiyi təqdirdə alıcının dəbbə pulu da tələb etmək hüququ açıq-aşkar göstərilmişdir. Cavabdeh tərəfə dəfələrlə evdən çıxmağı və evi boşaltmağı tələb etsə də onun qanuni tələblərinə əməl etməmiş, həmçinin onun mülkiyyətindən qanunsuz faydalanmışlar. Mənzili 4 otaqlı 84 kv-lıq mənzildir. Nəzərə alınsa ki, 1 otaqlı mənzilin aylıq kirayəsi 250-300 manat təşkil edir. 4 otaqlı evin minimum kirayə dəyəri isə 500-600 manat təşkil edir. 10 aydan çox müddətdə mənzildə yaşaya bilməmişdir. 4 otaqlı evin 10 aylıq kirayə haqqını cavabdehdən qanuni olaraq tələb edir.
b) iddiaya etiraz
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə mənzili alqı-satqı yolu ilə qanuni şəkildə cavabdehin anası X1 almışlar. Yanvar ayında X3 alqı-satqı müqaviləsinin qanunsuz olduğunu bildirərək məhkəmədə iddia qaldırmışdır. X4 mart ayında vəfat etmişdir. Vərəsəsi kimi qızı Cavabdeh işə qoşulmuş, məhkəmə iclaslarını onun adından çıxış edərək davam etdirmişdir. Yekun məhkəmə qətnaməsi onların xeyrinə qəbul edilmişdir. Cavabdeh tərəf alqı-satqı müqaviləsində öhdəlik kimi evdən çıxmağı dərhal qəbul etsə də, xx.xx.2024-cü il tarixdən 2025-ci ilin oktyabr ayına kimi evdən çıxmamışdır. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mənzil üzərinə qoyulmuş qadağa 2025-ci ilin dekabr ayında götürülmüşdür. İddia ərizəsində 10 aylıq kirayə haqqını tələb etsə də, evdən tam şəkildə dekabr ayından istifadə etməyə başladıqlarından evin 12 aylıq kirayə haqqını cavabdehdən tələb edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, mənzildən çıxarılma barədə iddianı 2025-ci ilin fevral ayında vermişdir. Lakin qohum olduqları üçün hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Əslində o, evi kirayə verib qazanc əldə etmək məqsədi ilə almışdı. Cavabdeh isə ona məxsus evi özü kirayəyə verib qazanc əldə etmişdir. Halbuki, alqı-satqı müqaviləsində dərhal evdən çıxması göstərilmişdir. İddiaçının başqa yaşayış yeri var. Onların başqa kirayə verdikləri evləri yoxdur. Kirayəyə verən fəaliyyəti ilə məşğul olmaq barədə VÖEN-ləri yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və SX089836959AZ nömrəli xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
7. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X3 tərəfindən İddiaçı 40000 manata satılmışdır.
8. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-2(060)- 1557/2025 nömrəli mülki iş üzrə mübahisə həll edilənədək, xx.xx.2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, ünvan 1, 2 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin e-16(060)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ünvan 1, 2 nömrəli mənzilə elektrik enerjisi, su, təbii qaz və istilik təchizatının dayandırılması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və “Azəriqaz” İstehsalat Birliyinə qadağan edilmiş, ünvan 1, 2 nömrəli mənzilə təbii qazın, içməli suyun və elektrik enerjisinin verilməsi bərpa edilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1557/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 hüquqi varisi Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-22/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(105)-22/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(105)-22/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ünvan 1, 2 saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulan qadağa götürülmüşdür.
13. Sumqayıt Şəhər Məhkəməsininn 2(060)-1929/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X3 və X5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
b) tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
c) məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
17. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ünvan 1, 2 saylı mənzili X1 (cavabdehin anası) almışdır. Həmin mənzil xx.xx.2025-ci il tarixdə iddiaçının adına dövlət qediyyatına alınmışdır. X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəmə müraciət edərək, onun etibarından sui-istifadə edildiyi və alqısatqının yalan əqd olması əsası ilə xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən xx.xx.2025-ci il tarixdə X3 vəfat etmiş, Cavabdeh (bundan sonra cavabdeh) mərhumun vərəsəsi kimi işə cəlb olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1557/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı cavabdehdən işə məhkəmədə baxıldığı dövrdə mübahisəli mənzildən istifadə edə bilmədiyini əsas gətirərək pulun tutulmasını xahiş edir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ərizəsində 10 aylıq kirayə haqqı olaraq 6000 manat tələb etdiyini bildirsə də, sonuncu məhkəmə baxış iclasında verdiyi izahatında mənzilin 12 aylıq kirayə haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin bununla bağlı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə (dövlət rüsumu ilə birlikdə) təqdim etməmiş, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının həmin ərizəni təqdim etməyə kifayət qədər vaxtı və imkanı olmuşdur. Odur ki, məhkəmə işə iddia tələbi həcmində baxır.
20. İddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurmanı öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir. Həmçinin, mülki qanunvericilik daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur və həmin maddi hüquq normalarının dispozisiyasından da aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla), hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
22. İddiaçı cavabdehdən maddi ziyan qismində 6000 manat kirayə haqqı tələb etməsinin əsasını cavabdeh tərəfindən müqavilə öhdəliyinin vaxtında yerinə yetirilməməsi səbəbindən ona məxsus mənzili 10 ay ərzində kirayəyə verərək faydalana biləcəyi halda həmin faydadan məhrum olması ilə əsaslandırmışdır.
23. Məhkəmə iddia tələbinin dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Odur ki, mənzilin satıcısı hüquqdan sui-istifadə etməmiş, mənzil iddiaçının adına dövlət qeydiyyatına alındıqdan dərhal sonra aldadıldığını düşünərək məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. İşin məhkəmədən baxıldığı dövrdə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı tədbirin görülməsi də qanunvericiliyin tələbi olmuş, satıcının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almağa yönəlmişdir. Məhkəmə qərarı ilə tətbiq edilən qanuni məhdudiyyətə görə tərəfin maddi məsuliyyət daşıması hüququn fundamental prinsiplərinə ziddir.
24. İşin məhkəmədə baxılma müddətinin 10 aya yaxın çəkməsi isə tərəfin təqsiri nəticəsində baş verməmişdir. Belə ki, işdə olan sənədlərdən də görünür ki, satıcı işə məhkəmədə baxılarkən vəfat etmiş, hüquqi varisin cəlb edilməsi ilə bağlı icraat dayandırılmış, daha sonra yenidən icraata təzələnərək işə baxılmış və iddia rədd edilmişdir. Hətta qətnamədən apellyasiya şikayəti verilməmiş, cavabdeh birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Əgər həqiqətən də iddiaçının qeyd etdiyi kimi cavabdeh öz hüquqlarından sui-istifadə etsə idi, işin uzadılmasına çalışar, apellyasiya və kassasiya şikayətləri verərdi. Ona görə də bir şəxsin öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməsi, hətta iddia rədd edilsə belə, öz-özlüyündə delikt törədilməsi (hüquqa zidd əməl) sayıla bilməz.
25. Bundan başqa məhkəmə qeyd edir ki, doğrudur, məsələn, banklar ixtisaslaşmış qurum kimi əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
26. Lakin hazırkı halda iddiaçı bu cür fəaliyyətlə məşğul olmur. İddiaçının 6000 manat məbləğində kirayə gəliri itkisi tələbi hipotetik xarakter daşıyır. Əldən çıxmış fayda müəyyən edilərkən kreditorun bu gəliri əldə etmək üçün gördüyü real hazırlıq tədbirləri nəzərə alınmalıdır. Lakin iddiaçının mənzili kirayə vermək niyyətini təsdiq edən hər hansı ilkin müqavilə, elan, hər şeydən əlavə kirayə fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə sübutlar da məhkəməyə təqdim edilməmişdir. İddiaçının özünün də etiraf etdiyi kimi onun başqa daimi yaşayış yeri var, kirayə verdiyi başqa mənzili və real kirayəçi də yoxdur.
27. Göründüyü kimi iddiaçının sözügedən mənzillə bağlı hüquqlarını tam həcmdə həyata keçirə bilməməsi məhkəmə mübahisəsi ilə əlaqədar olmuşdur. Bundan başqa iddiaçı mənzilin zəbt edilməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş, mənzilin boşaldılması barədə mübahisəsi isə hazırlıq iclasından geri qaytarılmışdır. Yəni, faktiki olaraq iddiaçı özü də alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsinin nəticəsini gözləməklə cavabdehin davranışına səssiz razılıq vermişdir.
28. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
29. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
30. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
31. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
32. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
33. Beləliklə, hazırkı halda cavabdehin iddiaçıya ziyan vurmaq məqsədi ilə qəsdən həyata keçirilmiş hərəkəti və ya hərəkətsizliyi sübuta yetirilməmişdir; zərərin həcmi və yaranma mexanizmi qeyri-müəyyəndir; zərər ilə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqə sübuta yetirilməmişdir; təqsirin forması (qəsd, ehtiyatsızlıq) barədə sübut yoxdur. Delikt tərkibinin bir elementinin belə olmaması tələbin rədd edilməsi üçün əsasdır ki, hazırkı işdə dörd elementdən heç biri tam sübuta yetirilməmişdir.
34. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.
35. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir.
36. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
38. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva