Məhkəmə qərarları › İş №2(060)-763/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-763/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-763/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Onun nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və vurulmuş maddi ziyan tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və vurulmuş maddi ziyan tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 9000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi 50 manat pulun, kredit müqaviləsinin notarait təsdiqi üçün ödədiyi 6 manat pulun, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün ödədiyi 93 manat pulun, xidmət haqqı olaraq alınmış 14 manat pulun və 30.40 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh oğlunu işə düzəltmək məqsədi ilə görüb tanımışdır. Cavabdeh oğlunu Ekologiya Nazirliyinə işə düzəldəcəyini və bununla bağlı 7000 manat pul vəsaiti tələb olunduğunu bildirmiş və həmin məbləği təcili çatdırmalarını tələb etmişdir. Eyni zamanda həmin pula dair oğlu işə düzələnə kimi kredit müqaviləsi bağlamalarını və həmin müqavilənin notariat qaydada təsdiq edilməsini təklif etmişdir. Verdiyi pulun təminatı olaraq kredit müqaviləsi bağlanması təklifi onu qane etdiyindən, verdiyi pula dair aralarında kredit müqaviləsi bağlanmasına razılaşmışdır. O və həyat yoldaşı X1 şəhəri, 30-cu məhəllə, Sülh küçəsi ilə Nərimanov küçəsinin kəsişməsi, 6/10-7/27 ünvanında yerləşən «xxxx» ASC-yə müraciət edərək kredit verilməsini xahiş etmişlər, bank həyat yoldaşı X3 ilə kredit müqaviləsi bağlamağa və 8000 manat məbləğində kredit verməyə razılaşmış, xx xxxx 2020-ci il tarixdə həyat yoldaşı T.İ.Tağıyevin adına kredit müqaviləsi rəsmiləşmiş və bank 36 ay müddətinə, faiz dərəcəsi 16.5% olmaqla həyat yoldaşına 8000 manat kredit vermişdir. Bank tərəfindən həmin pul məbləğinə cəmi faiz məbləği 2.195.93 manat hesablanmışdır. Yəni bir aldıqları 8000 manat pulun əvəzində 10.195.93 manat ödəməyi öhdəlik götürmüşlər. Bankdan pulu aldı gün, xx xxxx 2020-ci ildə Cavabdeh ilə Sumqayıt şəhəri 4 saylı notariat ofisində olmuşlar və orada aralarında cavabdehə verdiyi 7000 manat pul məbləğinə dair kredit müqaviləsi rəsmiləşdirilmiş və müqavilə xüsusi notarius X4 tərəfindən təsdiq edilmişdir. O, isə 7000 manat pul vəsaitini Sumqayıt şəhər 4 saylı notariat ofisində, kameralar qarşısında notariusun hesabına keçirilməklə Cavabdeh təqdim etmişdir. Bununla bağlı 93 manat kredit müqaviləsi bağlanması xərci, alqı-satqı müqaviləsi üzrə 0,2 faiz, 14 manat xidmət haqqı tutulmuşdur. Cavabdeh oğlunu işə düzəltmək üçün ondan oğlunun şəxsiyyət vəsiqəsini, diplomunu, əmək kitabçasını, Sumqayıt şəhəri 1 №-li poliklitnikadan oğlunun sağlamlığı haqqında arayışı almış, xx xxxxxxxx 2020-ci il tarixə kimi işi həll edəcəyini bildirmiş, oğlunun işə düzəlməsi üçün sentyabr ayının 10-na dövlət imtahanı verəcəyini və xx.xx.2020-ci il tarixdə işə çıxacağına söz vermişdir. Həmçinin bildirmişdir ki, oğlu işə düzəltməsə, pulunu tam şəkildə geri qaytaracaqdır. Cavabdeh təxminən avqust ayının 4-5 tarixində onunla əlaqə saxlayaraq Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsinin boş olmasını və onu ora 2000 manat müqabilində təsərrüfat müdiri (zavxoz) vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Rəsmi işdə işləmək istədiyindən onun bu təklifi onu maraqlandırmış və cavabdehə inandığından razılaşmış və işə düzəlməyi üçün ona Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən İntermedin yanında sağlamlığı haqqında arayışı və 2000 manat vermiş, cavabdeh isə sentyabr ayının 1-15 arası təsərrüfat müdiri kimi məktəbə işə başlayacağına söz vermişdir. Lakin deyilən vaxt ərzində o və oğlu işlə bağlı çağırılmadığından xx.xx.2020-ci il tarixdə narahat olub, saat təxminən 12-13 arası Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin direktoru ilə görüşmüş, həmin vaxt ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq, ona olan etibarından sui-istifadə edərək 9000 manat pulunu almış və ona yalan danışmışdır. Belə ki, direktorla söhbət edərkən direktor bildirmişdir ki, onun təsərrüfat müdiri var, belə bir söhbət yoxdur. Həmçinin məlum olmuşdur ki, Ekologiya Nazirliyinə imtahan verənlər siyahısında oğlunun adı ümumiyyətlə yoxdur. Bunlar ona məlum olandan sonra o, cavabdehlə mobil və vatsap əlaqəsi saxlayaraq normal şəkildə, onun yalan danışdığını, banka külli miqdar borcunun yaranmasına səbəb olduğunu, onu ziyana saldığını, borc ödədiyini bildirib, pulunu qaytarmasını tələb etmişdir. Əks halda məhkəməyə, polisə şikayət edəcəyini bildirmişdir. Cavabdeh isə əvvəl «Fikriniz dəyişib, səbriniz tükənib alıb gətirib qaytararam, nə çox yalvaran. Düzəldərəm onları» desə də, təəssüf ki, heç bir nəticəsi olmamış, sonradan isə cavabdeh onu hədələməyə, şantaj etməyə və hətta polisin oğlunu yığacağını bildirmişdir. Daha sonra telefon zənglərinə cavab verməmişdir. Cavabdeh bu günə qədər nə oğlunu, nə də onu işə düzəltməmiş, nə də onun cavabdehə verdiyi pulu, oğlunu işə düzəltməyə görə verdiyi 7000 manatı, özünü işə düzəltməyə görə verdiyi 2000 manatı, cəmi 9000 manat pulu geri qaytarmamış, onu ziyana salmışdır. Hazırda yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının ratifikasiyalarını, Mülki Prosessual Məcəlləsinin, Mülki Məcəlləsinin müvafiq maddələrini nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və yuxarıda göstərilən faktlar nəticəsində o, qanunla ona verilən məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə etmək məcbüriyyətində qalmışdır. Cavabdehin günahları səbəbindən o, pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına 50 manat, iddianın qiyməti-məhkəmə dövlət rusumu olaraq 30.40 manat, kredit müqaviləsinin notariat təsdiqinə 6 manat ödəmək məcburiyyətində qalmışdır. Bundan başqa Sumqayıt şəhəri 4 saylı notariat ofisində onunla cavabdeh arasında kredit müqaviləsi rəsmiləşərkən 93 manat müqavilə xərci, 14 manat xidmət haqqı ödəmişdir. Sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh vermiş olduğu 9000 manat pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddia ərizəsinin hazırlanmasına ödədiyi 50 manatın, dövlət rusumu olaraq ödədiyi 30.40 manatın, kredit müqaviləsinin notariat təsdiqinə görə ödədiyi 6 manatın, Sumqayıt şəhəri 4 saylı notariat ofisində onunla cavabdeh arasında kredit müqaviləsi rəsmiləşərkən müqavilə xərci olaraq ödədiyi 93 manatın, xidmət haqqı olaraq alınmış 14 manatın, alınaraq ona verilməsi barədə qətnamə qət edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaçıya 9000 manat borcunun olduğunu etiraf etdi və iddianın qismən təmin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştitrakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 7.000 manat məbləğində pulu borc vermiş, cavabdeh krediti xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddiaçıya 9000 manat borcunun olduğunu etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı kredit müqaviləsinin notariat təsdiqi üçün 6 manat, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə onunla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün 93 manat və 14 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 50 manat pulun ödədiyini qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9000 manat məbləğində kredit borcu, kredit müqaviləsinin notariat təsdiqi üçün 6 manat, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün ödənilmiş 93 manat, 14 manat xidmət haqqı olaraq alınmış pul və 30.40 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9000 manat məbləğində kredit borcu, kredit müqaviləsinin notariat təsdiqi üçün ödənilmiş 6 manat, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün ödənilmiş 93 manat, xidmət haqqı olaraq alınmış 14 manat və 30.40 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar