Məhkəmə qərarları › İş №2(060)-766/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-766/2025

19.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-766/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-106/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ondan ötrü ki, o, iddiaçının etibarından sui-istifadə edib aldatmaqla iddiaçının ümumilikdə 150.000 manat pulunu ələ keçirib, iddiaçıya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-190/2023 saylı qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi və tərəflərin apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)- 456/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı məhkum Cavabdeh qarşı mülki iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddiaçıya dəyən 150.000 manat maddi zərərin ödənilməsini tələb edir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-106/2022 saylı qanuni qüvvədə hökmü ilə müəyyən olunmuşdur ki, həqiqətən cavabdeh tərəfindən iddiaçıya 150.000 manat maddi ziyan dəymişdir. xx.xx.2018-ci ildən indiyədək cavabdeh nəinki iddiaçıya dəyən zərərdən heç bir ödəniş etməmiş, əksinə hər dəfə müxtəlif bəhanələrlə iddiaçını aldadıb pulunu qəsdən mənimsəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 150.000 manat maddi zərərə görə pulun, mülki iddia ilə əlaqədar ödədiyi 440 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı İstintaq Təcridxanasında cəza şəkən Cavabdeh qeyd olunan iş üzrə yazılı izahatının alınması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən yazılı izahat məhkəməyə daxil olmamışdır.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 106/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona həmin maddə ilə cəzanın təyin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının 21 may 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut olan 24 aprel 2019-cu il tarixli, 740327 nömrəli etibarnamə, xx.xx.2020-ci il tarixli, 04002 saylı saxta müqavilə, M.Ramazovun xətti ilə yazılmış 02 ədəd vərəqə, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi, AR N802197 saylı etibarnamə, **********825 saylı ərizə, xx.xx.2019-cu il tarixli arayış, səsyazmaların köçürüldüyü 02 ədəd elekton daşıyıcı (CD disk) və skreen fotoşəkillərin iş materiallarında saxlanılması, Cavabdeh 582 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir.

7. Həmin hökmdən görünür ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edib, aldatmaqla ümumilikdə 150.000 manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir.

8. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxsin müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməməsi qərara alınmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

b)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

11. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

12. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

13. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

14. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

16. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz.

17. Göründüyü kimi cavabdehin iddiaçıya qarşı dələduzluq etməklə, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.

18. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır.

19. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 150.000 (bir yüz əlli min) manat məbləğində pul və ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

20. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 150.000 (bir yüz əlli min) manat məbləğində pul və ödənilmiş 440 (dörd yüz qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar