Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-768/2023 02.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X5, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) sağlamlığa vurulmuş zərərə görə ödənclərin verilməsi tələbinə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar ona ödənilməli olan aylıq ödənclərin cavabdeh tərəfindən ödənilməməsinin qanunsuz sayılması, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar 17 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr üçün aylıq 180 manatdan aşağı olmamaqla hesablanmaqla aylıq ödənclər üzrə yaranmış 1344 manat borc məbləğinin, 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay 207 manatdan aşağı olmamaqla aylıq ödənclərin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin iyun ayında xarrat peşəsi üzrə işlədiyi keçmiş “Azərboruinvest” firmasında (hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılır) işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 60%-ni itirərək İİ qrup əlil olmuşdur. Həmin xəsarətlər hal-hazırda da onun səhhətinə ciddi təsir göstərməkdədir. Sözügedən hadisə nəticəsində iddiaçı peşə əmək qabiliyyətinin 60%-ni itirdiyindən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütənasib olan hissəsi ilk dövrlərdə “Azərboruinvest” firması tərəfindən ona ödənilməyə başlanılmışdır ki, bunu müəssisə rəhbərinin həmin dövrə aid müvafiq əmrləri təsdiq edir. 2003-cü ilin oktyabr ayının 01-dən etibarən isə ona aylıq ödənc əvəzinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən aylıq müavinət təyin edilmişdir. Buna səbəb isə dövlət müəssisəsi olan “Azərboruinvest” firmasının özəlləşməyə açılması olmuşdur. Hal-hazırda isə müəssisənin özəlləşməsi başa çatdığından həmin ödəniş müəssisə tərəfindən ona ödənilməlidir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondonun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının iddiaya yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına aldığı aylıq müavinətin yenidən bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının müraciətinə baxaraq xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktub ilə aylıq ödəncin verilməsindən imtina etmişdir. İddiaçıya xx.xx.2003-cü il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. Lakin "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2003-cü il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 447,10 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Azərmetalinvest” ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizəni də ona görə təqdim etmişlər ki, 2023-cü il üçün minimum əmək haqqı 345 manat olaraq müəyyən edilib. Onlar da 01 yanvar 2023-cü ildən sonrakı ödəncin miqdarını həmin məbləğin 60%-nə uyğun tərtib etmişlər. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, iddiaçının pensiya almasına etirazları yoxdur. Əvvəlki müəssisə ona müvafiq məbləğlər ödəyib, sonra isə bu ödənişləri Dövlət Sosial Müdafiə Fondu davam etdirib. Lakin hazırda 15 ildir ki, idarə işləmir və ona reyestrdən çıxarış verilməyib. Müəssisə aktiv deyil və aylıq gəlirləri, habelə işçiləri yoxdur. İdarənin aktivləri olmadığı təqdirdə iddiaçıya ödənişlər etməsi mümkün deyil. Müəssisənin özəlləşməsi başa çatmayıb və hazırda müəssisə heç bir fəaliyyət göstərmir. Onlar tərəfindən iddiaçıya 2006-cı ilədək ödənişlər edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, Nazirlər Kabinetinin 2003-cü il tarixli, 3 saylı qərarı ilə də müəyyən edilir ki, istehsalat zamanı xəsarət alan işçilər üçün ödənclər nəzərdə tutulub. Ödənişlər həmin peşənin aylıq əmək haqqısına, o olmadıqda ona uyğun peşənin əmək haqqısına, digər halda isə minimum əmək haqqına mütənasib şəkildə ödənilir. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, qanuna əsasən özəlləşdirmə başa çatanadək iddiaçıya ödənilən aylıq önclər Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşürdü. Məhkəmə sorğusuna cavab olaraq göndərilən məktubdan da müəyyən edilir ki, özəlləşdirmə xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Özəlləşmə başa çatdığı üçün də Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən ödənclər dayandırılmışdır. İddiaçıya təyin edilən aylıq ödənc 207 manat təşkil edirdi. Qeyd edilən məbləğ iddiaçının aldığı xəsarətlərə müvafiq olaraq 60%-lə hesablanılır. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli məktublarda göstərilmişdir ki, iddiaçıya xx.xx.2003-cü il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məktubuna əsasən xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2003-cü il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il iarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 447,10 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması (geri qaytarılması) haqqında xx.xx.2022-ci il tarixli, 35574 nömrəli qərar qəbul edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək cavabdeh müsəssisədə işləmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 03 saylı aktda göstərilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixində “Azərboruinvest” firmasında xarrat vəzifəsində işləyərkən iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində sol əlindən xəsarət almışdır. Həmin müəssisə rəhbərinin xx.xx.1994-cü il arixli əmrinə əsasən iddiaçıya sağlamlığının 60%-ni itirdiyinə görə ödənişin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı’’na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 164 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "xxxx" Layihə-İstehsalat və Tikinti-Quraşdırma Birliyinin struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixində başa çatdırılmışdır. Müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təşkilati-hüquqi formasında dəyişikliklər və hüquqi varisin müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən dövlət reyestrində "xxxx" X12 Cəmiyyətinin (VÖEN 1251) xx.xx.1999-cu il tarixdə D-3005 nömrə ilə dövlət qeydiyyatından keçməsi və inin aktiv olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən 14.04.21-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.Mövcud məlumat bazasına əsaəsən "xxxx" X12 Cəmiyyəti tərəfindən 03.08.200-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində 714,4 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək isə 576,29 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-ü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı’’na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 164 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş "xxxx" Layihə- İstehsalat və Tikinti-Quraşdırma Birliyinin struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixində başa çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır (1.1). Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir (1.2.). İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (2.1.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” nda göstərilmişdir ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (5.1). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir (5.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi özəlləşdirmə prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə müəssisənin özəlləşdirilməsi başa çatanadək ödənc müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra isə həmin ödənc müəssisənin özü tərəfindən verilməlidir. Mülki Məcəlləyə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir (1119.1.). Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır (1119.3.). İddiaçı onun işlədiyi müəssisədə çalışdığı peşənin hazırda mövcud olub-olmaması müəyyən edilmədiyi üçün cavabdehən müəssisənin özəlləşdiyi tarixdən başlayaraq minimum əmək haqqı məbləği əsas götürülməklə, sağlamlığının itirilmə dərəcəsinə uyğun olaraq ödənişin tutulmasını xahiş edir. İşdən göründüyü kimi cavabdeh müəssisənin özəlləşməsi xx.xx.2022-ci ildə başa çatmışdır. 2022-ci il üçün mimimum əmək haqqı 300 manat olduğu üçün, həmin məbləğin 60%-i 180 manat olmaqla, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 1338 manat təşkil edir. 2023-cü ilin yanvarın 1-dən minimum əmək haqqının 345 manat olması nəzərə alınmaqla isə həmin tarxdən etibarən hər ay 207 manat ödəniş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar iddiaçıya ödənilməli olan aylıq ödənclərin cavabdeh tərəfindən ödənilməməsinin qanunsuz sayılması ilə bağlı hissəsinə gəldikdə qeyd edilməlidir ki, bu tələbin təmin edilməsi hər hansı hüquqi nəticəyə səbəb olmur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 (min üç yüz otuz səkkiz) manat məbləğində pulun, 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 (iki yüz yeddi) manat məbləğində aylıq ödənişin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-768/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-768/2023
02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver