Məhkəmə qərarları › İş №2(060)-7702/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7702/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7702/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 57.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 16.235 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 borc müqaviləsi əsasında notariusun icra qeydi verdiyini və icra məmuru tərəfindən borcun onun əmək haqqısına yönəldiyini, ona görə də hazırki işə xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh işə xitam verilməsini xahiş etdi. Məhkəmə, iddiaçını və cavabdehləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, hazırkı iddianın qaldırılmasına əsas İddiaçı və Cavabdeh arasında 03.02.2014-cü il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi, tərəflərin ərizəsinə əsasən ləğv olunduqdan sonra İddiaçı və cavabdeh X4 arasında 02.03.2017-ci il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi olmuşdur. Bundan sonra iddiaçı və cavabdehlər 03.03.2017-ci ildə saziş imzalayaraq sonuncuların birgə borclu olmaları barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 02.03.2017-ci il tarixli kredit müqaviləsinin 4-cü bəndinə görə kredit müqaviləsindən irəli gələn öhdəliklər məhkəmədən kənar Şirvan şəhərində icra edilməlidir. Həmin müqavilənin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Bu müqavilənin 9-cu bəndinə görə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. İşdən görünür ki, tərəflər - İddiaçı və cavabdeh X4 67 ay müddətinə hər ayın 2-si 400 manat qaytarmaq şərtilə 27.000 manat məbləğində borcun verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra isə müqavilənin şərtinə uyğun olaraq, onu təsdiq etmiş notarius vasitəsilə 11.01.2019-cu il tarixli icra qeydi verilmiş və 02.03.2017-ci il tarixli kredit müqaviləsinə uyğun olaraq X1 20.600 manat pulun tutularaq İddiaçı ödənilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı müqavilənin 7 və 9-cu bəndlərinə əməl etmədən hazırkı tələblə birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı borc münasibəti üzrə icra qeydi aparıldığına və bu qeyd icra sənədi hesab olunduğuna görə tərəflər onun şərtlərinə əməl etməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, hazırda İddiaçı borcun qaytarılması barədə iddiasına məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verə bilər. Daha öncə qeyd olunduğu kimi tərəflər müqavilədə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması barədə qayda müəyyən etmişlər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar