Məhkəmə qərarları › İş №2(060)-772/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-772/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-772/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, İddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron mobil nəzarət qurğusu xüsusi proqram təminatı dəyəri, yəni 1346,03 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh Quliyev X1 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay, 24 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2019-cu il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanında elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunu itirmişdir. İddiaçıya maddi ziyan dəymişdir. Avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X3 və icra məmuru X4 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunan aktdan görünür ki, məhkum Cavabdeh cəza müddəti başa çatdığı üçün onun üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi məhkumdan təhvil alınan zaman, elektron nəzarət vasitəsinə məxsus mobil nəzarət qurğusunun olmadığı müəyyən edilmiş və məhkum həmin mobil nəzarət qurğusunu itirdiyini bildirmişdir. Akt məhkum və digər icra məmurlarının yanında tərtib edilərək hər birinin imzası ilə təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 21/1-3-1717 saylı məktubdan görünür ki, elektron nəzarət vasitəsi kimi tətbiq edilmiş mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə qiyməti olaraq nəzarət subyektindən tutulmalı olan məbləğ 1346,03 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2.-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdehin hüquqazidd əməl törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır, odur ki, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1346,03 manat Sumqayıt Şəhər Probasiya Şöbəsinin xeyrinə tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat Sumqayıt Şəhər Probasiya Şöbəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar