Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7807/2025 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 464 (dörd yüz altmış dörd) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 494 (dörd yüz doxsan dörd) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh qonşusu vasitəsilə tanımışdır. Cavabdeh 30 yanvar 2015-ci ildə məhkəməyə nikahının pozulması üçün sənəd vermək istəmiş, lakin məhkəməyə sənədlərin verilməsi üçün pulunun olmadığını, bu məqsədlə iddiaçıdan 200 (iki yüz) manat borca pul istəmişdir. Borcunu o, alimentini aldıqdan sonra qaytaracağına söz vermişdir. İddiaçı geri qaytarmaq şərtilə cavabdehə 200 (iki yüz) manat borca pul vermişdir. 2015-ci ilin fevral ayının 17-də Nailə məhkəmə işinin davam etdirilməsi üçün iddiaçıdan yenidən 150 (yüz əlli) manat borca pul istəmişdir. İddiaçı elə həmin gün Nailəyə 150 (yüz əlli) manat borca pul vermişdir. 10 aprel 2015-ci ildə isə cavabdeh 3-cü dəfə iddiaçıdan 150 (yüz əlli) manat yenidən borc istəmişdir. Girov kimi uşaqlarının şəxsiyyət vəsiqələrini iddiaçıya vermişdir və hal-hazırda da həmin sənədlər iddiaçıdadır. 2015-ci ilin sentyabr ayının 10-da cavabdeh iddiaçıya zəng edərək görüşmək istədiyini bildirmiş, təcili ona pul lazım olduğunu demiş, Cavabdeh iddiaçıdan yenidən 200 (iki yüz) manat borca pul istəmişdir. İddiaçı isə ona yenidən 200 (iki yüz) manat borc pul vermişdir. Cavabdeh bu günə qədər aldığı borcdan 236 (iki yüz otuz altı) manat pul qaytarmışdır. Cavabdeh sonuncu dəfə iddiaçıya 2023-cü ildə ödəniş etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 464 (dörd yüz altmış dörd) manat ödənilməmiş borcu qalmışdır. Bunu Whatsapp yazışmaları təsdiq edir. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iddiaçıdan 2015-ci ildə faizlə 200 manat pul aldığını, sonra ehtiyacı olduğundan yenidən 2016-cı ilin qış aylarında da bir dəfə 200 manat aldığını, həmin 400 manat müqabilində 5 il ardıcıl olaraq 40 manat faiz ödəməklə əsas pulu tam olaraq qaytardığını bildirsə də sonuncu ödədiyi pulların faiz borcu olduğunu, əsas borcun ödənilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əssən- Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh şifahi razılıq əsasında 700 manat məbləğində borc pul verdiyini, həmin puldan 236 manat qaytarıldığını, 464 manatın isə iddiaçıya geri ödənilmədiyini iddia edir. Cavabdeh isə iddiaçıdan ümumilikdə 400 manat aldığını və həmin pulu artıqlaması ilə cavabdehə ödədiyini bildirir. İddiaçı iddianı müdafiə edir, cavabdeh iddianı qəbul etmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 464 (dörd yüz altmış dörd) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 494 (dörd yüz doxsan dörd) manatın tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-7807/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7807/2025
27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver