Məhkəmə qərarları › İş №2(060)-7828/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7828/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7828/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 02.01.2019-cu il tarixli müqavilə üzrə “Hoffmann” markalı kombi və seksiya üçün 412,4 manat ödənilməmiş hissə, 148,8 manat dəbbə pulu, 26.01.2019-cu il tarixli müqavilə üzrə “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumba üçün 1934,6 manat ödənilməmiş hissə, 456 manat dəbbə pulu, cəmi 2495,8 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 02.01.2019-cu il tarixli müqavilə üzrə “Hoffmann” markalı kombi və seksiya almış və nəticədə 412,4 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 412,4 manat əsas borc və 148,8 manat dəbbə pulu borcu qalmışdır. Cavabdeh 26.01.2019-cu il tarixli müqavilə üzrə “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumbanı iddiaçıdan almışdır. Onun həmin müqavilə üzrə 1934 manat borcu qalmış və ödfəliklərini yerinə yetirmədiyi üçün cavabdehə 456 manat dəbbə pulu hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 02.01.2019-cu il tarixli müqavilə üzrə 412,4 manat ödənilməmiş hissə, 148,8 manat dəbbə pulu, 26.01.2019-cu il tarixli müqavilə üzrə 1478,6 manat ödənilməmiş hissə, 456 manat dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi, iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatdırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 02.01.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “Hoffmann” markalı kombi və seksiya satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 02.01.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 19 ay müddətində hər ay 124 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 02.01.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Hoffmann” markalı kombi və seksiyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış 26.01.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumba satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 26.01.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 117 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 26.01.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumbanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 25.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 2375 manat olan “Hoffmann” markalı kombi və seksiya üçün ilkin ödəniş 19 manat olmaqla, 1962,6 manat ödəniş etmişdir. Cavabdehin 412,4 manat ödənilməmiş hissə və 148,8 manat cərimə olmaqla, cəmi 561,2 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2808 manat olan “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumba üçün ilkin ödənişsiz 1329,4 manat ödəniş etmişdir. Cavabdehin 1478,6 manat ödənilməmiş hissə və 456 manat cərimə olmaqla, cəmi 1934,6 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1891 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1743 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1891 manat əsas borc məbləğinə 604,8 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Hoffmann” markalı kombi və seksiya, “Doshek Uretan”, “Alyans-Paris” çarpayı, dolab, termo və tumba üçün 1891 manat ödənilməmiş hissə və 200 manat dəbbə pulu olmaqla, cəmi 2091 (iki min doxsan bir) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar