Məhkəmə qərarları › İş №2(060)-783/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-783/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-783/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1la bağlanmış xx xxxx 2019-cu il tarixli SUMG1-12373-1996 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 1% olmaqla, 60 ay müddətinə 13597,69 manat məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə kredit müqaviləsi ilə eyni tarixdə, SUMG1-12373-1996+SUMG1-18461 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 xx.xx.2020-ci il tarixinə 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi işin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianı dəyişdirilməsi (iddianın həcminin artırılması) barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 13591,18 manat əsas borc, 78,75 manat cari faiz borcu olmaqla, cəmi 13669,93 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.1986-cı ildə, İmişli rayonu, Mirili kəndində, Cavabdeh2 isə xx.xx.1983-cü ildə, İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuşdur. Cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıya vaxtı keçmiş 60 ay müddətinə, illik 1 faizlə, 13597,69 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli, SUMG1-12373-1996+SUMG1-18461 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 iddiaçı qarşısında zamin olmuşdur. Ödəniş qrafikinə əsasən, Cavabdeh1 15-ci aydan etibarən hər ay 289 manat, sonuncu ay isə 294,09 manat ödəniş etməli idi. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə olan borcu - 13591,18 manat əsas borc, 28,92 manat cari faiz borcu olmaqla, cəmi 13620,10 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə xx xxxxxxxx 2020-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi Cavabdeh1la iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka əsas borc üzrə 13591,18 manat, faiz borcu üzrə 78,75 manat borcu qalmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o, iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsi və kredit razılaşmasına əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 da müştərək qaydada tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SUMG1-12373-1996 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 13591,18 manat, faiz borcu üzrə 78,75 manat olmaqla, cəmi 13669 (on üç min altı yüz altmış doqquz) manat 93 (doxsan üç) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar