Məhkəmə qərarları › İş №2(060)-7849/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7849/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7849/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 16250 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mənzil şəraiti yaxşı olmadığı üçün sosial evlərdən ev almaq qərarına gəlmiş, bu məqsədlə onu cavabdehlə tanış etmişlər. O, iddiaçıya bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir, mənzil şəraiti pis olan insanlara sosial evlər təşkil edir və sosial yardım almaqda onlara yardım edir. İddiaçı ondan kömək etməsini xahiş etmişdir. O, iddiaçıdan sosial ev düzəltmək ücün əvvəlcə 6 000 manat, sonra isə oğluna sosial ev düzəltmək üçün 2000 manat pul almışdır. Sosial yardım almaq ücün isə 2250 manat pul almışdır. Bundan sonra iddiaçının etibarından istifadə edərək ona bildirmişdir ki, Sosial Müdafiə Nazirliyində işə adam düzəldə bilər. İddiaçı bunu eşitdikdə qızı Nəcibəni və oğlu Sosial Müdafiə sahəsində işə düzəltmək istəmişdir. Cavabdeh bununla bağlı iddiaçıdan 6000 manat pul almışdır. Bu hadisə 2021-ci ilin yanvar, fevral, mart aylarında olmuşdur. Bundan sonra o, müxtəlif bəhanələr gətirərək nə sosial ev, nə sosial yardım, nə də iş düzəltməmişdir. İddiaçı zəng vurub pulunu tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan imtina etmişdir. O, iddiaçıdan cəmi 16250 manat pul almışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, onu cavabdehlə qaynının qızı Cəmilə Əliyeva tanış edib. Cəmilə ona bildirmişdir ki, o özünə sosial yardım məqsədilə vətəndaşlara verilən evlərdən alıb. İddiaçının da mənzil şəraiti pis olduğu və oğlunu evləndirəcəyi üçün qərara gəlib ki, o da sosial yardım kimi verilən evlərdən alsın. Qaynı qızı bildirib ki, ona bu evi almaqda cavabdeh yardım göstərib. İddiaçı da xahiş edib ki, cavabdeh ona da köməklik göstərsin. İddiaçı da cavadehlə əlaqə saxlamış və cavabdeh iddiaçıya demişdir ki, ödəniş etsin əvəzində iddiaçıya yardımçı olacaq. Sosial ev almaq üçün iddiaçı cavabdehə “online” qaydada yanvar ayında kartına 6 000 manat ödəniş etmişdir. Daha sonra oğluna toy edəcəyi üçün ona da ev almaq məqsədilə cavabdehə 2000 manat ödəniş etmişdir. Daha sonra cavabdeh iddiaçıya bildirmişdir ki, guya o, Dövlət Sosial Müdafiə Fondunda işləyir və əgər istəsə, ona sosial yardım verilməsi üçün də yardım göstərə bilər. Bunun üçün isə iddiaçı ona 2250 manat pulu gözəllik salonunda ödəmişdir. Bundan əlavə cavabdeh bildirib ki, əgər işə düzəlmək istəyən varsa, Nazirlikdə işə götürülməsində də kömək göstərə bilər və iddiaçı oğlu ilə qızı işsiz olduğu üçün, onlar işə düzəlsin deyə cavabdehə 6000 manat ayrıca ödəniş etmişdir. Bu hadisə 2021-ci ilin yanvar ayından başlayaraq mart ayına qədər bu söhbət davam edib. O, cavabdehə artıq oğluna toy etmək istədiyini bildirmiş cavabdeh isə ona narahat olmamasını, çıxarışın hazırlanmasının uzun çəkdiyi üçün belə geikmə yarandığını bildirmişdir. Daha sonra iddiaçı dəfələrlə əlaqə saxlamış, cavabdeh isə ona avtomobilini satıb pulu geri ödəyəcəyini söyləmişdir. Lakin hər dəfə iddiaçını belə aldadaraq, ödənişləri geri verməmişdir. Ödənişlərlə bağlı qəbzlər də mövcuddur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh özünü Sosial Müdafiə Fondunun işçisi kimi təqdim etmiş və iddiaçının ona qarşı olan etimadından sui-istifadə etmişdir. Cavabdeh iddiaçıdan hissə-hissə ümümilikdə 16250 manat məbləğində pul almış və cavabdeh bu pulu iddiaçıdan aldığını səs yazmalarında və mesajlarında da təsdiq edir. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1970-ci ildə, Ağcabədi rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1986-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına tərəflər arasında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə yazışmaların kağız üzərində olan mətni və disk yazısı əlavə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində pul ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X3 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. O, cavabdehi tanıyır. Anasının cavabdehə həqiqətən ümumilikdə 16250 manat pul verdiyini bilir. Belə ki, həmin pulun bir qismini anası cavabdehə çatdırması üçün ona vermişdir. O, sosial ev alınması üçün 6000 manat pulu şəxsən cavabdehə vermiş, işə düzəlmək məqsədi ilə isə 6000 manat pulu cavabdehin kartına yükləmişdir. 2250 manat pulu isə əmisi qızı Cəmiləyə verib ki, cavabdehə versin. İşin məhkəmə baxışı zamanı digər şahid X4 öz ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisinin yoldaşıdır. İddiaçını cavabdehlə o tanış etmişdir. Belə ki, cavabdeh özünü nazirlik əməkdaşı kimi təqdim etmiş və sosial ev alınması üçün ondan da pul almışdır. O, bu barədə iddiaçıya bildirdikdə iddiaçı onun üçün də sosial ev təşkil etməsini xahiş etmişdir. O, iddiaçını cavabdehlə tanış etmişdir. İşə düzəlmək üçün 6000 manat pul onun evində ödənilib. 2250 manat pulu isə əmisi qızı ona verib və o, həmin pulu cavabdehə verib. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Hal-hazırda iddiaçı cavabdehin ondan müxtəlif məsələlərlə bağlı müxtəlif vaxtlarda ümumilikdə 16250 manat pul aldığını, lakin verdiyi sözə məl etmədiyini və həmçinin ondan aldığı pulları geri qaytarmadığını bildirərək həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Qeyd edilən hüquq normalarına əsasən iddia ərizəsində göstərilən məbləğdə pulun cavabdeh tərəfindən ondan alındığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “vatsapp” ani mesajlaşma sistemindən çxarışdan və videodiskdə olan yazışmalardan görünür ki, iddiaçı cavabdehdən ona verdiyi pulları geri tələb edir və cavabdeh iddiaçının həmin tələblərinə etiraz etmir. Eyni zamanda viodeodiskdə olan qəbzlərin fotoşəkillərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 01.03.2021-ci il tarixində 4000 manat, X4 tərəfindən cavabdehin hesabına 18.01.2021-ci il tarixində 1500 manat pul köçürülmüşdür. Həmin videodiskdə olan səs yazıları ilə müəyyən edilir ki, tərəflər arasında gedən telefon danışıqları zamanı cavabdeh həqiqətən iddiaçıdan pul aldığını etiraf edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul aldığı və qaytarmadığı iş materiallarında olan yazılı sübutlar, səs yazıları, mesajlar və şahid ifadələri vasitəsilə sübuta yetirilir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və qeyd edilən halların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16250 (on altı min iki yüz əlli) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar