Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7895/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1301,35 manat əsas borc, 195,20 manat cərimə, 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1526,95 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 mart 2020ci il tarixli, 030-EMB-0442-20 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə qaytarmaq şərtilə 2970 manat kredit vermişdir. Lakin cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, o öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 10 sentyabr 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi cavabdeh xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 10 mart 2020-ci il tarixli, 030-EMB-0442-20 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə 2970 manat kredit vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 165 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehə 28.09.2020-ci il, 14.10.2020-ci il, 24.05.2021-ci tarixlərində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 26.08.2021-ci il tarixinə banka əsas borc üzrə 1301,35 manat, cərimə üzrə 195,20 manat olmaqla, cəmi 1496,55 manat borcu vardır. Aəzrbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 26.08.2021-ci il tarixinə banka əsas borc üzrə 1301,35 manat, borcu qalmışdır. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1301,35 manat əsas borc məbləğinə 195,20 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2 C) bəndinə əsasən borc alan müqavilə üzə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə borc verən borc alanı 1 ay əvvəlcədən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və borcu tələb edə bilər. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və bununla əlaqədar ondan tutulmuş 0,40 manat bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1301,35 manat, cərimə üzrə 195,20 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 1526 (min beş yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik məbləğində pul Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7895/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7895/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver