Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7901/2021 13.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi və digər tələbləri barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, Sumqayıt şəhərinin 6-cı məhəlləsi ərazisində “Bələdiyyə Parkı” ərazisində 0,02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114,4 kvadrat metr olan qeyri-yaşayış binası üzərində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair və torpaq sahəsinin istifadə hüququ ilə dövlət torpağı kimi aparılmış dövlət qeydiyyatının və bununla əlaqədar Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qeyd olunan qeyri-yaşayış binasının Cavabdeh2 hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Cavabdeh2 hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.İşdən göründüyü kimi iddiaçı Cavabdeh2 ilə yanaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsini də cavabdeh kimi göstərərək həmin idarə tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirir. İddiaçı tələbinin əsası kimi “Bələdiyyə Parkı”-nın ərazisində bələdiyyə mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114,4 kvadrat metr olan qeyri-yaşayış binasınn mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydin qanunsuz aparılmasına əsaslanır. Göründüyü kimi iddiaçı həmin çıxarışı vermiş inzibati orqanın hərəkətlərini mübahisələndirir. Yəni, tərəflər arasında yaranmış mübahisə ümumi hüquq münasibətlərindən yaranan mübahisədir. Belə ki, bu münasibətlərdə bir tərəfdə fiziki və ya hüquqi şəxs, digər tərəfdə isə hakimiyyət səlahiyyətlərinə malik olan inzibati orqan dayanır. İşdən göründüyü kimi iddiaçı Cavabdeh2 ilə yanaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsini də cavabdeh kimi göstərərək həmin idarə tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirir. İddiaçı tələbinin əsası kimi Sumqayıt Dövlət Dram Teatrının arxasında yerləşən “Şəhər Bağı”nın iddiaçının mülkiyyətində olmasına baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən Cavabdeh2 qanunsuz olaraq həmin əraziyə dair mülkiyyət sənədinin verildiyini göstərir. Göründüyü kimi iddiaçı inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətinin nəticəsini mübahisələndirir ki, iddia ərizəsi həmin hissədə ümumi məhkəməyə deyil inzibati məhkəməyə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 16.03-cü bəndində göstərilmişdir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilməlidir ki, iddia tələbinin “qeyri-yaşayış binasının Cavabdeh2 hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Cavabdeh2 hesabına əvvəlki vəziyyətə qaytarılması” hissəsi Cavabdeh2 həmin torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilibedilməməsindən birbaşa asılıdır. Bu səbəbdən əvvəlcə iddiaçı müvafiq inzibati orqana qarşı inzibati məhkəmədə çıxarışın ləğvi barədə iddia qaldırmalı, həmin məsələnin həllindən sonra isə zərurət olarsa tikilinin sökülməsi və torpaqdan çıxarılma tələbi ilə ümumi məhkəməyə müraciət etməlidir. Hazırkı iddia tələbinə isə ümumi məhkəmədə baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Cavabdeh2 qarşı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair və torpaq sahəsinin istifadə hüququ ilə dövlət torpağı kimi aparılmış dövlət qeydiyyatının və bununla əlaqədar Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qeyd olunan qeyri-yaşayış binasının Cavabdeh2 hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Cavabdeh2 hesabına əvvəlki vəziyyətə qaytarılması tələblərinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7901/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7901/2021
13.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver