Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-792/2023 23.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 4120 (dörd min yüz iyirmi) manat pulun və tərəfindən ödənilmiş 61,20 (altmış bir manat, iyirmi qəpik) manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının tanışıdır, o iddiaçıdan borca pul istəmiş, iddiaçı da ona borc vermişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya yazılı qəbz verərək 4120 manat borc aldığını göstərmiş, borcu da hissə-hissə qaytaracağını vəd etmişdir. İddiaçı həmin məbləği başqa adamdan alıb vermişdir. Hətta ona bildirmişdir ki, pul götürdüyü adama əlavə pul ödəməli olacaqdır. Cavabdeh də öz növbəsində iddiaçı ilə razılaşmış, lakin nəinki əlavə pul ödəmək, heç nağd verdiyi pulu illərdir ondan ala bilmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən yayınmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, uzun müddətdir iddiaçı ilə cavabdeh bir-birini tanıyır, belə ki, onların münasibətləri yaxşı olmuşdur və iddiaçının cavabdehə etimadının yaranmasına səbəb uzunmüddətli bir-birilərini tanımaları olmuşdur. Cavabdehlə iddiaçı arasında hər zaman borc münasibətləri olmuş, cavabdeh iddiaçıdan aldığı borcu vaxtı-vaxtında qaytarmışdır. Lakin artıq 3 il olacaq ki, cavabdeh iddiaçıdan aldığı 4200 manatı qaytarmır. İddiaçı cavabdehin vəziyyətini nəzərə alaraq cavabdehin pulu hissə-hissə qaytarmasına razı olmuşdur. İddiaçı cavabdeh tərəfindən pulun qaytarılması üçün hər cür şərait yaradıb, bundan əlavə, iddiaçı cavabdehin iş yerinə gedərək xx.xx.2021-ci il tarixli əlyazmada göstərilən formada pulu qaytarmasını bildirmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi bu vaxta qədər hələ də yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin eidlməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, əlyazmadakı imza ona məxsusdur, iddiaçını 2012-ci ildən qohumları vasitəsilə tanıyır. Pandemiya dövründə iddiaçıdan faizə 3000 manat götürmüş, hər ay 300 manat da ödəniş edərək borcundan qaytarmışdır. Borcu olduğu üçün əmək haqqının 190 manatının bank tərəfindən tutulması, ona qalan məbləğin isə 180 manat olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı borc olaraq aldığı 4120 manat pulu avqustun 1-dən 4 ay 100 manat olmaqla, daha sonra isə aylıq 200 manat olmaqla qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci ildə iddiaçının yanına gələrək ona 4120 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı Cavabdeh 4120 manat borc vermiş və cavabdeh öz xətti ilə qəbz yazaraq söz vermişdir ki, aldığı 4120 manatı hissə-hissə ödəniş etməklə qaytaracaqdır. Cavabdeh aldığı 4120 manat borcundan ödəniş etməmişdir. Cavabdeh borc aldığı 4120 manatı qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qismən qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əssən- Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində olmalıdır. Hazırki iş üzrə rüsum 61,20 manat təşkil etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 61,20 manat dövlət rüsumunun əvəzi MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 4120 (dörd min yüz iyirmi) manat borc və ödənilmiş 61,20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4120 (dörd min yüz iyirmi) manat borc və ödənilmiş 61,20 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-792/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-792/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver