Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7933/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 25 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 07.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3868,11 manat əsas borc, 214,21 manat manat faiz borcu və 6,85 manat cərimə borcu olmaqla, ümumilikdə 4089,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07.02.2019 -cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 48 ay müddətinə 6500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31 avqust 2021-dək Cavabdeh banka 07 fevral 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3868.11 manat əsas borc, 214.21 manat faiz borcu və 6.85 manat cərimə borcu olmaqla ümumilikdə 4089.17 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlu iddia əriəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 05.10.2021-ci il tarixdə cavabdeh 202 manat ödəniş etmişdir. Bu səbəbdən onun borcunun məbləği dəyişmişdir. Hazırda cavabdehlərin banka 3666,11 manat əsas borcu var. İddiaçının nümayəndəsi qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 28 sentyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən də onunla “Yelo Bank’' ASC arasında 07 fevral 2019-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Yelo Bank’' ASC ona 6500 manat kredit vermişdir. Xəstəliyi ilə əlaqədar ödənişlərini ödəyə bilməmişdir. Təxminən 2-3 ay ödənişlərini etməmişdir. O bankın daimi müştərisidir. Lakin o, banka olan borcunu ödəməkdən yayınmır və qısa müddətdə borcunu ödəyəcəkdir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 07.02.2019-cu il tarixli 4-Y-3-0-260-19 nömrəli İstehlak kredit müqaviləsi və ona edilmiş 27.11.2019-cu il tarixli 4-Y-3-0-260-19 nömrəli 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit vermişdir. İşdə olan 25.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 07.02.2019-cu il tarixli 4-Y-3-0-260-19 İstehlak Kredit müqaviləsi üzrə Cavabdeh banka 3666,11 manat əsas borc, 333,7 manat faiz borcu, 34,86 manat cərimə borcu olmaqla, ümumilikdə 4034,67 manat borcu yaranmışdır. İşdə olan 25.08.2021-ci il tarixli, KBD-3754 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 07.02.2019-cu il tarixli 4-Y-3-0-260-19 nömrəli İstehlak kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 07.02.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehlərdən iddiaçının xeyrinə əsas və faiz borcunun tutulması hissəsində iddia təmin edilməlidir. Lakin, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 05.10.2021-ci il tarixdə Cavabdeh tərəfindən banka 202 manat ödəniş edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borc 202 manat məbləğində azaldılmalıdır. Beləliklə cavabdehdən iddiaçının xeyrinə 3666,11 manat əsas borc və 214,21 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 6,85 manat cərimə borcu tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 6,85 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 07.02.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3666,11 manat (üç min altı yüz altmış altı manat, on bir qəpik) manat əsas, 214,21 (iki yüz on dörd manat iyirmi bir qəpik) manat faiz borcu, 6,85 (altı manat səksən beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 3887,20 (üç min səkkiz yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7933/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7933/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver