Məhkəmə qərarları › İş №2(060)-7943/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7943/2021

14.09.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7943/2021 14.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) xüsusi icraat qaydasında ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 1933-cü ildə anadan olmuş və 1993-cü ilin may ayından xəbərsiz itkin düşmüş atası Məhərrəmov Qədimalı oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır (305.1.1.). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər (40.1.). MPM-də həmçinin göstərilmişdir ki, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır (305.1.2.). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (313). Göründüyü kimi mülki-prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılmalı olan işlərin növləri göstərilmişdir. Burada hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi və şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi ayrı-ayrı kateqoriyalara aid olan işlərdir. Lakin ərizəçi hazırkı ərizədə atasının xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsini xahiş edir ki, belə bir faktın müəyyən edilməsi qanunvericilikdə nəzərədə tutulmamışdır. Eyni zamanda ərizəçi ərizənin əsaslandırma hissəsində şəxsin xəbərsiz itkin düşmüş elan edilməsinin ona nə üçün lazım olduğunu əsaslandırmamış, ərizəsində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi göstərmişdir. Şəxsin xəbərsiz itkin düşmüş elan edilməsinin qeydiyyat orqanına hansı aidiyyətinin olması ərizənin məzmunu ilə müəyyən edilmir. Belə ki, ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsinin ona nə üçün lazım olduğunu müəyyən edərək bununla bağlı müvafiq orqana müraciət etməli, həmin orqan tərəfindən imtina cavabı aldığı təqdirdə isə həmin orqanı maraqlı şəxs kimi göstərməli idi. Hazırkı ərizəyə isə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsi) xüsusi icraat qaydasında ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar