Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7959/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, atası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(060)-684/2020 saylı qətnaməsi ilə 28.04.2012-ci il təvəllüdlü X2 və 18.12.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək, cavabdehdən hər ay uşaqların hər biri üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(060)-684/2020 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 28.04.2012-ci il təvəllüdlü X4 və 18.12.2014-cü il təvəllüdlü X3 iddiaçının yanında saxlanmaları, cavabdehdən hər uşaq üçün hər ay 140 manat olmaqla, 2 uşağa görə 280 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Lakin cavabdehin bir uşaq üçün hazırda ödədiyi aliment uşağın maddi təlabatlarını ödəmir. İddiaçı məhkləmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, hər uşaq üçün 200 manat məbləğində alimentin ödənilməsini istəyir. O, “Azərnəşriyyat”da işləyir və hər ay 350 manat məbləğində əmək haqqı alır. Bu isə uşaqların tələbatlarını ödəmək üçün azdır. Cavabdeh aliment ödənişlərini vaxtlı-vaxtında yerinə yetirmir. Qeyd edilənlərə əsasən idiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir. O, avtomobil alaraq oğluna vermişdir və oğlu taksi fəaliyyəti ilə məşğul olur. O, alimentin ödənilməsi üçün öz təqaüdü ilə cavabdehə kömək edir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər arasında nikahın pozulması 16.05.2020-ci il tarixdə 146 saylı akt ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X4 28.04.2012-ci ildə, X5 18.12.2014-cü il tarixdə anadan olmuşlar. Uşaqların atası X6, anası isə İddiaçıdır. 10.09.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmık barədə qərar qəbul etmədilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı övladları üçün hər ay hər birinə 200 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 tarixli qətnaməsi 28.04.2012-ci il təvəllüdlü X2 və 18.12.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7959/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7959/2021
21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver