Məhkəmə qərarları › İş №2(060)-8031/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8031/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8031/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.600 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh 18.200 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh bir neçə illərdir ki, tanıyır. Onların normal münasibətləri olmuş, Cavabdeh həmin münasibətdən istifadə edərək ondan borca pul istəmiş və o, cavabdehin istəyi ilə razılaşaraq hansı müddətə və hansı vaxta qədər ona pul lazım olduğunu cavabdehdən soruşmuşdur. Cavabdeh isə ona 18.600 manat pul lazım olduğunu və hər ay 4.000 manat olmaqla 2020-ci ilin dekabr ayının sonunadək ondan alacağı pulu qaytarmağına dair söz vermişdir. Bundan sonra o, cavabdehə 2019-cu ilin sentyabr ayında 18.600 manat məbləğində borc pul vermiş və cavabdeh öz xətti ilə əlyazma qəbz yazaraq bunu təsdiq etmiş və həmin qəbzdə ondan aldığı 18.600 manat məbləğində borcu hər ay 4.000 manat olmaqla 2020-ci ilin dekabr ayının sonunadək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öhdəlik götürməsinə baxmayaraq ondan aldığı 18.600 manat puldan bu günədək ona heç bir məbləğ də qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh hər dəfə onu aldadaraq müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırır. Buna görə də məcbur qalıb Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə rəsmi olaraq ərizə ilə müraciət etmiş, lakin həmin bölmədən onun müraciətinə cavab olaraq onunla cavabdeh arasında olan məsələnin mülki mübahisə olduğu bildirilərək məhkəməyə müraciət etməsi barədə ona cavab məktubu verilmişdir. Bundan sonra da o, cavabdehlə dəfələrlə əlaqə saxlamış, lakin sonuncu, hər dəfə onu aldadır və pulunu qaytarmır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh 18.600 manat məbləğində borc alması barədə qəbzə imza etməsinə baxmayaraq, həmin məbləğdə borc almadığını bildirdi. O, eyni zamanda cəmi 8.300 manat borc aldığını və həmin borcundan 1.300 manat ödəniş etdiyini qeyd etdi. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, İddiaçı Cavabdeh borc verməsi barədə ümumi məlumatlıdır, lakin borcun konkret məbləğini bilmir. O, eyni zamanda Cavabdeh 18.600 manat məbləğində borc alması barədə qəbzə imza etməsinə baxmayaraq borc verilərkən orada olmadığını və Anarın pulu götürdüyünü görmədiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 2019-cu ilin sentyabr ayında 18.600 manat borc pulu alaraq, İddiaçı ayda 4.000 manat qaytarmaq şərtilə 2020-ci ilin dekabr ayının sonunadək ondan alacağı pulu qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin 01.08.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə 2019-cu ilin sentyabr ayında 18.600 manat məbləğində borc pul vermiş, cavabdeh isə hər ay 4.000 manat olmaqla 2020-ci ilin dekabr ayının sonunadək pulu qaytarmağa dair öhdəlik götürmüşdür. Cavabdeh borcundan 400 manat ödəniş etmiş, nəticədə 18.200 manat borcu qalmışdır. Məhkəmə, cavabdehin 8.300 manat borc alması və həmin məbləğdən 1.300 manat ödəməsi barədə dəlilini, bu hal iş materialları və sübutlarla təsdiqlənmədiyindən əsassız hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş və cavabdeh ondan irəli gələn öhdəliyi daşımış, onlar razılaşma yolu ilə cavabdehin mövcud borcu etiraf etməsi barədə mücərrəd müqavilə bağlamışlar. Cavabdeh borcun etirafı üzrə borc pulu qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Odur ki, iddia əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu, hüquqi yardıma görə çəkilmiş 209 manat pul və 2 manat tutulmuş komissiya haqqı tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 150 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 18.200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət edi: İddia təmin edilsin. Cavabdeh 18.200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar