Məhkəmə qərarları › İş №2(060)-807/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-807/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-807/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində iştirak edən Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospekti, otaq 64-67, məhəllə 18, mənzil 30-a istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospekti, otaq 64-67, məhəllə 18, mənzil 30-da yaşayırdı. Qaynanası Cavabdeh və qaynatası Əliyev Qismət Ağa oğlu Sumqayıt boru prokat zavodunda işləmişlər və oradan 28.03.1991-ci ildə mərhum qaynatası Əliyev Qismətə həmin yataqxanada yerləşən 65 saylı otağı vermişlər. 18.11.2011-ci ildən həmin ünvanda yaşayır və əri ilə birlikdə ümumi təsərrüfat aparır. Əmlakları hal-hazırda ordadır. Son zamanlar münasibətləri pisləşmiş və mənzili tərk etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli 2(060)-761/2020 saylı məhkəmə qətnaməsi ilə mənzilə köçürülmüşdür. Hal-hazırda mübahisəli mənzildə yaşayır. Lakin bəzi sosial problemlərin həll olunması üçün mənzildə istifadə hüququ tanınmalıdır. Faktiki olaraq həmin mənzildən ailə üzvləri ilə birlikdə istifadə edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir, İddiaçı Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospekti, otaq 64-67, məhəllə 18, mənzil 30-a istifadə hüququnun tanınmasına etirazı yoxdur. Müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində iştirak edən Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin və müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində iştirak edən Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Səhəsinin 655 nömrəli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospekti, otaq 64-67, məhəllə 18, mənzil 30-da yaşayır. - Sumqayıt Şəhər Məhkəməsinin 14.02.2020-ci il tarixli 2(060)-761/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı azyaşlı övladları 12.01.2012-ci il təvəllüdlü X8 və 13.05.2013-cü il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 12.01.2012-ci il təvəllüdlü X5 və 13.05.2013-cü il təvəllüdlü X6 ataları X10 oğlu, anaları isə İddiaçıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı hal-hazırda mübahisəli mənzildə yaşayır. Faktiki olaraq həmin mənzildən ailə üzvləri ilə birlikdə istifadə edir. Cavabdeh iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına istinad edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilə 2011-ci ildə köçmüş və hal-hazırda həmin mənzildə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Cavabdeh iddiaçının başqa yaşayış yerinin olması, habelə başqa yaşayış yerindən istifadə hüququnun yaranması barədə hər hansı sübutu məhkəməyə təqdim etməyib, həmçinin iddiaçının mübahisəli mənzilə istifadə hüqunun tanınmasına etiraz etmir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospekti, otaq 64-67, məhəllə 18, mənzil 30-a istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, yataqxana 3, H.Əliyev prospekti, otaq 64-67, məhəllə 18, mənzil 30-a istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar