Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8072/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə 20 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 6000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ayrı-ayrı vaxtlarda 9000 (doqquz min) manat qızının Universitet problemlərinin həlli məqsədilə pul vermişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)-162/2019 saylı Hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)-162/2019 saylı hökmü ilə zərərçəkmiş şəxs qismində tanınmış, 07 sentyabr 2019-cu ildə Zərərin əvəzinin ödənilməsi barədə saziş bağlanmış və sazişə əsasən cavabdeh 3000 (üç min) manat pul vermişdir. Qalıq 6000 (altı min) manat borcu isə 07.09.2021-ci il tarixinə qaytarmağı üzərinə götürmüşdür. Hal-hazırda cavabdehin 6000 manat ödənilməmiş borcu qalmışdır. Lakin cavabdeh söz verdiyi vaxtda ona verdiyi pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi, qızının psixoloji problemləri olmuşdur, bununla əlaqədar bir müddət dərsə getməmiş, nəticədə onun universitet problemləri yaranmışdır. Bu problemlərin birdəfəlik həll edilməsi üçün cavabdehə 9000 manat pul vermişdir. Lakin cavabdeh universitetə 1200 manat ödənişlər etmiş, qalan pulu isə qaytarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh ona əvvəlcə Memar Əcəmi metro-stansiyasında 300 manat, daha sonra isə Nəriman Nərimanov metro-stansiyasında 400 manat ödəmiş və nəticədə cavabdehin 7000 manat borcu almışdır. Bu borcu rəsmiləşdirmək üçün notariusa getmişdirlər. Notarius xərci çox olduğu üçün borc 6000 manat kimi rəsmiləşdirilmişdir. Cavabdeh qalan pulu 07.09.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də bu günə kimi pulu qaytarmamışdır. Ona görə də o, məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının qızı universitetdən qovulmuşdu. O, iddiaçının qızının Kooperasiya Universitetində təhsil almasını təmin etmiş və iddiaçı tərəf də bunun müqabilində ödənişlər etmişdir. İddiaçının qeyd etdikləri yalandır, onda əlyazmalar da vardır. O, sazişə uyğun olaraq ödəniş etmişdir. O, aralarındakı razılaşmaya əməl etsə də, iddiaçı ondan şikayətçi olmuş və onun barəsində həbs qətimkan tədbiri də tətbiq olunmuşdur. Ona vaxt verildiyi təqdirdə etdiyi ödənişlərlə bağlı sənədləri məhkəməyə təqdim edəcəkdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materillarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 07.09.2019-cu il tarixli zərərin əvəzinin ödənilməsi barədə sazişdən görünür ki, Cavabdeh 6000 manat pulu 07.09.2021-ci il tarixədək hissələrlə ödəməyi öhdəsinə götürmüş, İddiaçı isə Cavabdeh qarşı heç bir maddi tələbinin olmadığını bəyan etmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 1(004)-162/2019 saylı hökmündən görünür ki, həmin hökm ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 07.09.2019-cu il tarixli zərərin əvəzinin ödənilməsi barədə saziş imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 07.09.2019-cu il tarixli müqavilə üzrə 6000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh 07.09.2019-cu il tarixli müqaviləni qismən icra etməsi ilə bağlı məhkəməyə sübutlar təqdim edəcəyini bildirsə də və bununla bağlı ona vaxt verilsə də, onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6.000 (altı min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6030 (altı min otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8072/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8072/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver