Məhkəmə qərarları › İş №2(060)-8085/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8085/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8085/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 373,72 manat, dəbbə pulu üzrə 37 manat, cəmi 410,72 manat, 30.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 463,72 manat, dəbbə pulu üzrə 42 manat, cəmi 505,72 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 916,44 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı ilə Cavabdeh arasında 04.10.2019-cu il tarixdə Samsung SM-A505 white markalı telefonun və 30.12.2019-cu il tarixdə-Samsung SM-A505 black markalı telefonun nisyə alqı-satqısına dair nisyə alqısatqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən cavabdeh ona satılmış malları qəbul edib ödəniş cədvəlinə uyğun olmaqla malların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda cavabdeh öhdəliklərini icra etmir, müqavilələrin şərtlərini pozur. Müqavilənin şərtlərinə əsasən cavabdehə bildirilmişdir ki, 04.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 373,72 manat, dəbbə pulu üzrə 37 manat, cəmi 410,72 manat, 30.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 463,72 manat, dəbbə pulu üzrə 42 manat, cəmi 505,72 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 916,44 manat pulun ödənilməsini təmin etsin. Lakin buna baxmayaraq cavabdeh öhdəliyində olan borclarını ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini tam müdafiə etdiyini, lakin səhhəti ilə bağlı üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasını onun iştirakı olmadan keçirərək, iddia tələbini tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il və 04.10.2019-cu il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən Samsung SM-A505 white markalı telefon və Samsung SM-A505 black markalı telefon almış, malların 1467,44 manat olan ümumi dəyərindən 430 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 916,44 manat borcu yaranmışdır. - 29.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30.12.2019-cu il tarixli, ********** saylı müqaviləyə əsasən 718,72 manat dəyərində aldığı Samsung SM-A505 black markalı telefonu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən 155 manat ödəniş edilmiş, 463,72 manat məbləğində əsas borc, 42 manat məbləğində dəbbə borcu yaranmışdır. - 29.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 04.10.2019-cu il tarixli, **********9 saylı müqaviləyə əsasən 748,72 manat dəyərində aldığı Samsung SM-A505 white markalı telefonu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən 275 manat ödəniş edilmiş, 373,72 manat məbləğində əsas borc, 37 manat məbləğində dəbbə borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 04.10.2019-cu il və 30.12.2019-cu il tarixli müqavilələrə əsasən aldığı məhsulların 1467,44 manat olan ümumi dəyərindən cəmi 430 manat ödəniş etmiş və nəticədə 916,44 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 1467,44 manat olan ümumi dəyərindən 430 və nəticədə 916,44 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 3 manat və 4 manat cərimə mütənasiblik baxımından məqsədə müvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia 500 manatdan çox təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də, təmin edilməli, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 04.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 373,72 manat, dəbbə pulu üzrə 3 manat, cəmi 376,72 manat, 30.12.2019cu il tarixli müqavilə üzrə əsas borc üzrə 463,72 manat, dəbbə pulu üzrə 4 manat, cəmi 467,72 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 844,44 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 373,72 manat, dəbbə pulu üzrə 3 manat, cəmi 376,72 manat, 30.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 463,72 manat, dəbbə pulu üzrə 4 manat, cəmi 467,72 manat, ümumilikdə isə hər iki müqavilə üzrə cəmi 844,44 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar