Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8119/2025 09.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Mülki Prosessual Məcəlləyə uyğun olaraq işə iddiaçının iştirakı olmadan sənədlər əsasında baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9151/2019 nömrəli qətnaməsinə dəyişiklik edilməklə, aliment məbləğinin artırılaraq hər uşaq üçün aylıq 160 manat olmaqla, cəmi 320 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı və Cavabdeh xx.xx.2015 təvəllüdlü X5 və xx.xx.2019 təvəllüdlü X4 adlı iki övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(060)-9151/2019 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən hər bir uşağa aylıq 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin ödənilməsi müəyyən edilmişdir. Aradan illər keçdiyi üçün artıq uşaqlar böyümüş, onların təhsil, geyim, qida, tibbi xidmət və digər həyat tələbatları xeyli artmışdır. Mövcud aliment məbləği isə bu xərclərə uyğun gəlmir və uşaqların təminatı üçün yetərli deyil. Cavabdeh avtomobillə hərəkətdə olarkən qatarla toqquşma nəticəsində kəllə-beyin travması almış və bu hadisədən sonra tədricən psixoloji gərginlik və narahatlıqlar yaşamışdır. Dərmanlarını və müalicəsini düzgün qəbul etdikdə çox yaxşı mehriban və ailəyə qarş qayğıkeş bir insandır. Müraciətin məqsədi yalnız uşaqların artan yaşayış, təhsil və digər zəruri xərclərinin təmin edilməsidir. Bununla yanaşı, iddiaçı cavabdehin başqa iki övladına da aliment ödədiyini bilir. Bu hal iddiaçı üçün tamamilə anlaşılandır və ərizə heç bir halda cavabdehin üzərinə əlavə məsuliyyət qoymaq məqsədi daşımır. Müraciət yalnız iki övladın artan ehtiyaclarının təmin olunması üçün hazırlamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ailə şəraiti ilə əlaqədar olaraq onun himayəsində iki azyaşlı uşağının olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti və səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirdi və işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9151/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Ramazanova (Xudaverdiyevə) Rəhilə Minbala qızı arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış 1559 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 ananın - İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9151/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 38 nömrəsi ilə qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9151/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı hazırda xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9151/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9151/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-8119/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8119/2025
09.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver