Məhkəmə qərarları › İş №2(060)-812/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-812/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-812/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun alınmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh əsas borca görə 2630,92 manat, faiz borcuna görə 305,91 manat olmaqla, cəmi 2936,83 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kreditinin ayrılması və qaytarılması üçün borcalan müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür.İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödəniməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Borcalan dəfələrlə bu barədə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. Buna görə də, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh ödənişləri pandemiya ilə əlaqədar edə bilmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh ilə ilə bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin 1.1.3-cü bəndindən görünür ki, kredit verən kredit alana 36 ay müddətinə, illik 23%-lə 3000 manat məbləğində pul vəsaitini vermişdir, borc alan isə götürülmüş pul məbləğini vaxtında qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 2630,92 manat əsas borc, 305,91 manat faiz borcu olmaqla, ümumilikdə 2936,83 manat borcu vardır. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh şəxsi məqsədləri üçün 36 ay müddətinə, illik 23%-lə nağd şəkildə istifadə olunmaqla 3000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödəniməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin iddiaçıya 2630,92 manat əsas borc və 305,91 manat faiz borcu olmaqla, ümumilikdə 2936,83 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 2630,92 manat əsas borc və 305,91 manat faiz borcu olmaqla, ümumilikdə 2936,83 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 2630,92 manat əsas borc və 305,91 manat faiz borcu olmaqla, ümumilikdə 2936,83 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar