Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-812/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh nağd şəkildə verdiyi 6750 (altı min yeddi yüz əlli) manatın, ona məxsus Kapital (birkart) kartından nağd şəkildə çıxarılmış 1500 (bir min beş yüz) manatın, ümumillikdə 8250 (səkkiz min iki yüz əlli) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş ailə quracağı şəxsdir. Cavabdeh 26 iyun 2024-cü ildə avtoqəza etdiyinə görə ondan 3000 (üç min) manat pul istəmiş, həmin gündən bir gün sonra yəni, 27 iyun 2024-cü ildə Cavabdeh yaşadığı ünvan 1 ünvanında 3000 (üç min) manat pulu anasının razılığı ilə əlbəəl borca vermişdir. Cavabdeh bundan sonra maşınını düzəltmək adı ilə ondan ayrı-ayrı vaxtlarda 1400 (min dörd yüz) manat, 1000 (min) manat, 800 (səkkiz yüz) manat, 550 (beş yüz əlli) manat pul istəmişdir. Ümumillikdə o, cavabdehə nağd şəkildə 6750 (altı min yeddi yüz əlli) manat borca pul vermişdir. Cavabdeh ondan hər dəfəsində pulu götürərkən Sumqayıt şəhəri, st.Sumqayıt ünvanında yerləşən 2 otaqlı mənzilini, torpağını və avtomaşını satıb ona olan borcunu qaytaracağını bildirmişdir. Bundan əlavə cavabdeh 2024-cü ilin yay aylarında iş qurmaq adından ondan 1200 (min iki yüz) manat borca pul istəmişdir. O, cavabdehə inanaraq özünə məxsus Kapital (birkart) kartını ona vermişdir. Cavabdeh birinci dəfə kartdan 1200 (min iki yüz) manat, sonradan isə 288 (iki yüz səksən səkkiz) manat nağd şəkildə pul çıxarmışdır. Ümumillikdə 1500 (min beş yüz) manat pul çıxarmışdır (12 manat tutulan komissiya ilə birlikdə). Hal-hazırda Kapital (bir kart) kartına olan borc məbləği 1271.23 manat təşkil edir. Sözügedən kartdan nağd şəkildə pul çıxarıldığı üçün hər gün faiz borcu hesablanır. O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o, borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Cavabdeh nağd şəkildə verdiyi 6750 manatın, ona məxsus Kapital (bir kart) kartına nağd şəkildə çıxarılmış 1500 manatın, ümumillikdə 8250 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, pul cavabdehə xırda-xırda, iyun və iyul aylarında verilmişdir. Qəza keçirtmiş və qəzadan sonra 3000, 1500, 800 və 1000 manat məbləğlərində borc pul almışdır. Kartın faizi artıq 2000 manata qalxmışdır. Pulu ödəmir. Dünən onlara demişdir ki, kapitala getsinlər və kreditə keçirtsinlər. Kapitalda isə demişlər ki, 50 gün gecikmə vardır. Kart geri qaytarılmayacaqdır. Onu da ödəmir. Kapita kartında isə 8250 manat faizssiz pul vardır. Nağd məbləğ budur. Lakin üzərinə faizlər yığılmışdır. Cavabdeh Yasamal Prokurorluğuna getmiş və bildirmişdir ki, barışmışlar. Orada verdiyi izahatdan xəbəri yoxdur. İki gündür ki, 10-10 manat qızına pul ödəyir. Qızı parfumeriyada işləmiş, qaçırıldıqdan sonra isə onu işləməyə qoymamışdır. Demişdir ki, işə çıxmasın, ona hər gün maaşını verəcəkdir ki, faizləri bağlasın. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Birbank cashback kartından görünür ki, 1.271.23 manat kredit borcu vardır. - AA seriyalı, 449062 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Fərəcova X1 rayonundan məcburi köçkündür. - Vatsap sosial şəbəkəsində olan yazışmalardan görünür ki, o, Cavabdeh 21 mart 2025-ci il tarixdən etibarən Nümayəndə 26 iyun 2024-cü il tarixindən götürdüyü 8250 manatı aylıq olaraq hər ayın 10-12-si arası 200 manat iddiaçıya və həmin ayın bir kart ödənişini ödəyəcəkdir. Əlavə ödəniş etdiyi təqdirdə borcdan silinəcəkdir. - Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış sorğuya cavabdan görünür ki, İddiaçı şikayəti üzrə Sumqayıt Şəhər prokurorluğunda araşdırma aparılmamışdır. Nümayəndə vət.Cavabdeh tərəfindən borcunun qaytarılmaması barədə olan müraciətə baxılmış və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, ünvan 5 ünvanında yaşayaş Nümayəndə Cavabdeh tərəfindən qızı İlahə Mehdiyevanın qaçırılması ilə bağlı şikayəti əsasında Baş Prokurorluqdan daxil olmuş material üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılmaqla xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan müvafiq tarixlərdə cəmi 8250 manat pulu qaytarmaq şərtilə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və pulu qaytarmamışdır. Məhkəmə, cavabdehin iddiaçıya 8250 manat qaytarmaq öhdəliyinin mövcudluğunu, onun sonuncu ilə yazışmasındakı (“Whatsapp” etirafına, eləcə də hər hansı formada təkzib etməməsinə) əsaslanaraq işin mübahisəsiz halı kimi qiymətləndirir.İddia tələbinin hüquqi əsasına əsassız varlanma olduğu müəyyən edilir.Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı müqavilə olmadığından, Mülki qanunvericiliyin normalarına əsasən məhkəmə bu qənaətə gəlir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Bu Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə, yəni 8250 manata uyğun olan 102.50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütınasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 8250 manat pul iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 8250 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 102.50 (bir yüz iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-812/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-812/2025
30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver