Məhkəmə qərarları › İş №2(060)-814/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-814/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-814/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi, anası X1 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 08.10.2010-cu il tarixli kredit müqaviləsi üzrə 24362,26 ABŞ dolları əsas borc, 28240,91 ABŞ dolları faiz borcu, 5,22 ABŞ dolları cərimə olmaqla, cəmi 52608,39 ABŞ dolları məbləğində borcun və ödənilmiş 358,30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən, 58,2 kvadrat metr, ümumi 24,6 kvadrat metr yaşayış sahədən ibarət 44/D nömrəli evə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tələb Cavabdeh2 məxsus mənzilə yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış bağlanmış 08.10.2010-cu il tarixli kredit müqaviəsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 08 oktyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 16 faizlə, 206 ay müddətinə 44000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən, 58,2 kvadrat metr, ümumi 24,6 kvadrat metr yaşayış sahədən ibarət 44/D nömrəli ev 27 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh1 08 oktyabr 2021-ci ilədək kredit müqaviləsi üzrə banka 24362,26 ABŞ dolları əsas borc, 28240,91 ABŞ dolları faiz borcu, 20,86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 52624,03 ABŞ dolları məbləğində vardır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyləri ilə razılaşır. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi, anası Səmayə Mikayılova məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlərdən Cavabdeh2 onun qızı, digər cavabdeh isə gəlinidir. Kredit başqa bir evin alınması üçün götürülmüşdür. Sonradan isə hazırda onun qızının mülkiyyətində olan ev ipoteka ilə yüklü edilmişdir. 7 ildir ki, borc barədə onlara heç kim məlumat verməmiş və borc tələb edilməmişdir. Banka 2 dəfə, hər dəfə 10000 manat olmaqla ödənişlər edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 xx.xx.1972-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1981-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 206 ay müddətinə, illik 16 faizlə, 44000 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh1 iddiaçıya 206 ay müddətinə hər ay 627,66 ABŞ dolları, sonuncu ay isə 626,78 ABŞ dolları ödəniş etməli idi. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27.02.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən, 58,2 kvadrat metr, ümumi 24,6 kvadrat metr yaşayış sahədən ibarət 44/D nömrəli ev kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 44D Cavabdeh2 xüsusi mülkiyyətindədir. RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən cavabdehə 23.09.2021-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdeh 08.10.2021-ci il tarixinə banka əsas borc üzrə 24362,26 ABŞ dolları, faiz borcu üzrə 28240,91 ABŞ dolları, cərimə üzrə 20,86 ABŞ dolları, cəmi 52624,03 ABŞ dolları borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 06.10.2021-ci il tarixində qeydə alınmışdır. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1640 saylı, 26.04.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 məhkəməyə müraciət olunduğu 07.12.2021-ci il tarixinə əsas borc üzrə 24266,05 ABŞ dolları, faiz borcu üzrə 28763,36 ABŞ dolları borcu vardır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin 16.03.2022-ci il tarixli qiymətləndirmə hesabatında Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 44/D nömrəli fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri isə 41000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 206 ay müddətinə 44000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 08.10.2021-ci il tarixinə onun banka əsas və faiz borcu qalmışdır. İş üzrə verilmiş ekspert rəyində Cavabdeh1 əsas borcu iddia ərizəsində göstərilən məbləğdən az, faiz borcu isə bir qədər artıq göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2010-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 24266,05 ABŞ dolları əsas borc məbləğinə 5,22 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 44/D nömrəli fərdi yaşayış evi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, ev açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 23.07.2021-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 41000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, evin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan evdə qeydiyyatda olan şəxslərin ev satıldıqdan sonra evdən çıxarılmaları ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsələlər ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra həll edilməli məsələlərdir ki, hazırkı halda iddiaçı ipoteka predmeti olan evin mülkiyyətçisi olmadığı üçün iddia tələbi tələbi həmin hissədə təmin edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (59.4.). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 358,30 manat dövlət rüsumunun 300 manatı Cavabdeh1 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.10.2010-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 24266,05 ABŞ dolları, faiz borcu üzrə 28240,91 ABŞ dolları, cərimə üzrə 5,22 ABŞ dolları olmaqla, cəmi 52608 (əlli iki min altı yüz səkkiz) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipotka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və 358,30 manat dövlət rüsumunun 300 manatı, Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 51ci məhəllə, ev 44D-yə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Evin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Evin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra evin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 44D-nin ilkin satış qiyməti 41 000 (qırx bir min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Hazırkı qətnamə Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 44D-yə tutma yönəldildikdən və ev satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar