Məhkəmə qərarları › İş №2(060)-816/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-816/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-816/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayilov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4709,34 manat əsas borc, 1120,43 manat faiz borcu olmaqla, cəmi 5829,77 manat borc və 78,30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminata olaraq Cavabdeh2 ilə 11.10.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 26.11.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 26.09.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 29-dək Cavabdeh1 banka 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4709,34 manat əsas borc, 1120,43 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5829,77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. O, bir neçə ildir ki, sözügedən bankdan kredit götürmüş və kreditin ödənilməsini heç vaxt gecikdirməmişdir. Özü ticarətlə məşğuldur və krediti də bu məqsədlə götürmüşdür. Ölkədə tətbiq edilən karantin rejimi ilə bağlı olaraq maddi vəziyyəti pisləşmiş, işləyə bilməmiş və ödənişləri ödəyə bilməmişdir. Eləcə də ailə vəziyyətində problemlər yaranmışdır. Belə bir halda bank tərəfindən faizləri hesablanması əsaslı deyildir və faiz borcunun silinməsini xahiş edir. Əsas borcu isə hissə-hissə ödəməkdən imtina etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 12 yanvar 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, Cavabdeh1 qohumudur, sonuncu ticarətlə məşğul olmuş və pandemiya səbəbindən ödənişləri ödəyə bilməmişdir. Maddi vəziyyəti ilə əlaqədar banka məlumat verilsə də əsassız yerə faizlər hesablanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.10.2019-cu il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 30% faiz ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 29 oktyabr 2021-ci il tarixə 11.10.2019cu il tarixli kredit müqaviləsi üzrə 4709,34 manat əsas, 1120,43 manat faiz borcu vardır. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. İş materiallarında olan Bankla Cavabdeh2 arasında bağlanmış 11.10.2019-cu il tarixli 4-MZ-2-0-1002-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclunun Bank qarşısında Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı Bankın zaminə qarşı tələbi əsaslıdır, zamin boclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4709,34 manat əsas, 1120,43 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4709,34 manat əsas borc, 1120,43 manat faiz borcu, cəmi 5829,77 (beş min səkkiz yüz iyirmi doqquz manat, yetmiş yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,30 (yetmiş səkkiz manat otuz qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar