Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8160/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 09 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 231.18 (iki yüz otuz bir dollar, on səkkiz sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 29.09.2016-cı il tarixinə 206.66 (iki yüz altı dollar altmış altı sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 53.04 (əlli üç dollar, dörd sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 259.49 (iki yüz əlli doqquz dollar, qırx doqquz sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 750.37 (yeddi yüz əlli dollar, otuz yeddi sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 29.09.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkiz) % ödəmək şərti ilə 458 (dörd yüz əlli səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 29.09.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 29.09.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Ona görə də iddiaçı, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdehlər məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş 29.09.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən illik 28 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 458 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. 29.09.2015-ci il tarixli, 01 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 29.09.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan 12.08.2021-ci il tarixli, **********793 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli, 2-1-**********2000T00657 saylı kredit müqaviləsi üzrə 02 avqust 2021-ci il tarixinə 231.18 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 29.09.2016-cı il tarixinə 206.66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 53.04 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 259.49 ABŞ dolları cərimə borcu, cəmi isə 750,37 ABŞ dolları borcu vardır. İşdə olan 24.07.2019-cu il tarixli, 35 saylı xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 29.09.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, X8 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən 14 fevral 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 29.09.2015-ci il tarixli, 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 567 manat məbləğində pul vəsaitinin 287 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyətini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, X8 və X6 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Həmin hökmlə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X7 qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Eyni zamanda X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X7 qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmlə mülki iddia tam təmin edilərək, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X5 və X3 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASCnin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən götürdüyü kreditlə bağlı ödədiyi 287 manatın mağazanın iki əməkdaşı tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmış, İddiaçı ASC-yə dəymiş ziyanın, o cümlədən Cavabdeh1 tərəfindən mağazaya ödənilmiş, lakin banka ödənilməmiş 287 manatın təqsirləndirilən şəxslərdən tutulub iddiaçı banka ödənilməsi hökm edilmişdir. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh götürdüyü kreditin ödənişlərini qismən ödədiyindən, onun ödədiyi məbləğlərin iki şəxs tərəfindən qismən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, o cümlədən bununla əlaqədar İddiaçı ASC-yə dəymiş ziyanın həmin cinayəti törətmiş şəxslər tərəfindən ödənilməsi qərara alındığından Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcu 287 manat (ABŞ dollarının 2015-ci ilin sonuna olan məzənnəsinə uyğun olaraq 185 dollar) məbləğində azaldılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 46,18 (231,18-185) ABŞ dolları əsas borcun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən ödənilən 287 ABŞ dolları əsas borcun iki şəxs tərəfindən qismən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, beləliklə faiz borcunun artmasında cavabdehin təqsiri olmadığından, məhkəmə hesab edir ki, faiz borcu əsas borcun azaldıldığı nisbətdə (80 faiz həcmində) azaldılmalı, cavabdehlərdən iddiaçının xeyrinə 41,33 ABŞ dolları faiz borcu tutulmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 46,18 ABŞ dolları əsas və 41,33 ABŞ dolları faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, qeyd edilənlərə istinad edərək hesab edir ki, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 53,04 ABŞ dolları borcun cavabdehlərdən tutulması hissəsində də iddia tələbi qismən təmin edilməli, həmin məbləğ 46,18 ABŞ dolları əsas borca münasibətdə hesablanmalı, cavabdehlərdən iddiaçının xeyrinə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 11,33 ABŞ dolları (46.18/100 x 5) / 360 x 1768 gün) pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 259,49 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 2 ABŞ dolları pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia cuzi hissədə qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.09.2015-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46,18 (qırx altı dollar, on səkkiz sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 29.09.2016-cı il tarixinə 41,33 (qırx bir dollar otuz üç sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 11,33 (on bir dollar, otuz üç sent) ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 2 (iki) ABŞ dolları cərimə borcu, cəmi 100,84 (bir yüz dollar səksən dörd sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8160/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8160/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver