Məhkəmə qərarları › İş №2(060)-817/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-817/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-817/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) X1 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 165,51 manat əsas borc, 713,18 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 21,64 manat borc olmaqla, cəmi 900,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 10.09.2014-cü il tarixli, 405790 saylı ssuda hesablı kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti 10.09.2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 27.08.2020-ci il tarixinədək cavabdehin iddiaçıya 165,51 manat əsas, 713,18 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 21,64 manat borc olmaqla, cəmi 900,33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanan 10.09.2014-cü il tarixli, 405790 saylı ssuda hesablı kredit müqaviləsi hazırda iddiaçıda yoxdur. Hazırda müqavilə iddiaçıda olmasa da, ümumilikdə belə bir müqavilə mövcud olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 11.01.1976-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin İnzibai-İqtisadi Kollegiyasının 2-1 (103)-3194/17 saylı, 27 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfindən verilmiş 07.09.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin banka olan borcu əsas məbləğ üzrə 165,51 manat, 713,18 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 21,64 manat borc olmaqla, cəmi 900,33 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə 25 avqust 2020-ci il tarixli bildiriş (pretenziya) göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Göründüyü kimi iddiaçı iddia ərizəsində 10.09.2014-cü il tarixli, 405790 saylı müqavilə əsasında cavabdehdən kredit borcunun tutulmasını məhkəmədən xahiş etsə də, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə müqavilənin əslini və ya surətini məhkəməyə təqdim etməsi təklif edilsə də, o müqavilənin hazırda iddiaçıda olmadığını bildirmişdir. Yəni, hazırkı iş üzrə iddia tələbinin əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil etdiyi halda iddiaçı həmin müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Bu isə tərəflər arasında hər hansı öhdəliyin yaranmasını müəyyən etməyə imkan vermir. MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1). İşdən göründüyü kimi iddiaçı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı 165,51 manat əsas borc, 713,18 manat cərimə, müqavilənin bitdiyi tarixdən 27.08.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 21,64 manat borc olmaqla, cəmi 900,33 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar