Məhkəmə qərarları › İş №2(060)-8185/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8185/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8185/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2024,76 manat əsas borc və 35,64 manat faiz borcu olmaqla, cəmi 2060,40 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmçinin 08-19-23- 109097 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 48 ay müdddətinə qaytarılmaq şərtilə 2494 manat məbləğində kredit vermiş və 21.01.2015-ci il tarixli, 2513/S-EB saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağl əlavə tədbirlr haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq iddiaçı ilə cavabdeh arasında 2024,76 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 30.12.2019-cu il tarixli, 08-19-23-109097 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1949-cu ildə, Lənkəran rayonu, Xolmili kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 30.12.2019-cu il tarixli, 08-19-23-109097 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 1%- lə, 2024,76 manat kredit vermişdir. 08-19-23-109097 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya 13-cü aydan başlayaraq hər ay 43,05 manat, sonuncu ay isə 43,06 manat ödəməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və iddia ərizəsində göstərilmiş məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019cu il tarixli, 08-19-23-109097 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 2024,76 manat, faiz borcu üzrə 35,64 manat olmaqla, cəmi 2060 (iki min altmış) manat 40 (qırx) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar