Məhkəmə qərarları › İş №2(060)-822/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-822/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-822/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 9667,94 manat əsas, 553,36 manat faiz, cəmi 10221,30 manat borcun, həmçinin ödənilmiş 121 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10.000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli il 1030324/19865 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixinə əsas borcu 9667,94 manat, faiz borcu 553,36 manat, cəmi 10221,30 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 10221,30 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə mürraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh1 4667,94 manat əsas borcun, həmçinin ödənilmiş 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2020-ci il Kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 23 faiz ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit Hesabından Çıxarışın surətindən görünür ki, Cavabdeh1 26 aprel 2022-ci il tarixə 19 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4667,94 manat əsas borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 4667,94 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh1 4667,94 (dörd min altı yüz altmış yeddi manat doxsan dörd qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 (bir yüz iyirmi bir) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar