Məhkəmə qərarları › İş №2(060)-8221/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8221/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8221/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə 01 noyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3811,81 manat məbləğində əsas borc və 1329,84 manat faiz borcu olmaqla, cəmi 5141,65 manat borcun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2015-ci il tarixli, 200840-206000/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 4000.00 (dörd min (.00)) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 27 noyabr 2015-ci il tarixli, 200840-206000/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 27 noyabr 2015 il tarixli, 200840-206000/2 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yarandığı üçün 07.02.2017-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 28.04.2017-ci il tarixli 2(060)-3714/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC- nin xeyrinə əsas borc üzrə 3811.81 manat, faiz borcu 1278.49 manat, cəmi 5090.30 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Əmək haqqından tutulmaları görən cavabdeh-Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 28.04.2017-ci il tarixli 2(060)-3714/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 28.06.2019-cu il tarixdə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadına əsasan Sumqayıt Şəhər Məhkəməsinin 28.04.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanılmış və İddiaçı ASC-yə izah olunmuşdur ki, yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. İddiaçı ASC tərəfindən 18.10.2019-cu il və 28.11.2019-cu il tarixlərdə məktubla borclular Cavabdeh1 və Cavabdeh2 müraciət edilərək xahiş edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı”nın təsiri altına düşdüyünə görə 27 noyabr 2015 il tarixii, 200840-206000/2 nömrəli müqavilə üzrə yaranmış borcunun restrukturizasiya olunması məqsədi ilə banka yaxınlaşsınlar. Lakin dəfələrlə şifahi və yazılı müraciətlərinə baxmayaraq cavabdehlər Banka gəlməmişlər. 20.09.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3811,81 manat məbləğində əsas borcu və 1329,84 manat faiz borcu olmaqla, ümumilikdə 5141,65 manat məbləğində kredit borcu yaranmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanan müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüşdür. Tərəflərələ danışıqlar aparılması üçün tərəflərə müraciət olunsa da, onlar yeni müqavilə bağlanması üçün Banka müraciət etməmişdirlər. Bundan başqa cavabdehlər sözügedən müqavilə üzrə cəmi bir dəfə ödəniş etmişdirlər. Ona görə Bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, onunla banka arasında bağlanmış müqaviləyə əsasən ona 4000.00 manat məbləğində kredit verilmişdir. Onlar arasında bağlanan müqavilə Prezidentin Fərmanın təsiri altına düşdüyüyndən onlar banka yaxınlaşmışdırlar. Lakin bank əməkdaşları həmin vaxt işləri çox olduğu üçün səhərisi gün banka gəlmələrini bildirmişdirlər. Onlar da yol uzaq olduğu üçün bir daha banka getməmişdirlər. Cavabdeh maddi vəziyyətinin ağır olmasının nəzərə alınmasını, buna görə də bank tərəfindən hesablanmış faizlərin silinməsini və ödəniş etməsi üçün Bank tərəfindən yeni qrafik tərtib edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, o, tərəflər arasında bağlanan müqavilə üzrə zamindir. Bank tərəfindən tələb edilən məbləği ödəməyə onun maddi imkanı çatmır. O, üç uşaq atasıdır, himayəsində xəstə ata və anası vardır. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 27 noyabr 2015-ci il tarixli, 200840-20600/2 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 noyabr 2015-ci il tarixli, 200840-20600/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 İddiaçı ASC tərəfindən 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmiş və sözügedən müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan 27.11.2015-ci il tarixli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 4000 manat məbləğində pulu İddiaçı ASC-dən qəbul etmişdir. İşdə olan 18.10.2019-ci il tarixli, 001/007/6361/2019 nömrəli məktubdan görünür ki, iddiaçı bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2015-ci il tarixli, 200840- 20600/2 nömrəli istehlak krediti müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı”nın təsiri altına düşdüyünü bildirərək borcun restrukturizasiya olunması üçün banka yaxınlaşmalarını tövsiyə etmiş, əks halda mübahisənin məhkəmə müstəvisində həll olunacağını bildirmişdir. Eyni məzmunlu məktub 28.11.2019-cu il tarixdə yenidən cavabdehlərə göndərilmişdir. İşdə olan 20.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 20.09.2021-ci il tarixə borcalan Cavabdeh1 İddiaçı ASC-yə 3811,81 manat məbləğində əsas borcu və 1329,84 manat faiz borcu olmaqla, ümumilikdə 5141,65 manat borcu mövcuddur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3714/2017 saylı, 28.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 “Expressbank" ASC-nin xeyrinə əsas borc üzrə 3811,81 manat, 1278,49 manat faiz borcu olmaqla, cəmi 5090,30 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İşdə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-707/2019 saylı, 28 iyun 209-cu il tarixli qərardadına əsasan Sumqayıt Şəhər Məhkəməsinin 28.04.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 27 noyabr 2015ci il tarixli, 200840-20600/2 nömrəli istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3811,81 manat məbləğində əsas borc və 1329,84 manat faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə dair məhkəməyə sübut təqdim etmişdir. Belə ki, iş materiallarında olan 049502 və 002287 saylı poçt qaimələrindən görünür ki, iddiaçının mübahisəli kredit müqaviləsinin məlum Fərmanın təsir dairəsinə düşməsi barədə məktubları Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Digər Cavabdeh1 isə məhkəmə iclasında verdiyi izahatında onunla bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasındanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən xəbərdar olmasını bildirmişdir. Beləliklə cavabdehlər məlumatlı olduqları halda 27 noyabr 2015-ci il tarixli, 200840-20600/2 nömrəli istehlak krediti müqaviləsinin restrukturizasiya olunması üçün Fərmanda nəzərdə tutulan müddətdə banka müraciət etməmişlər. Bu səbəbdən məhkəmə cavabdehlərin Fərmanla əlaqədar faiz borcunun silinməli olması barədə etirazlarının dəlillərini qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3811,81 (üç min səkkiz yüz on bir manat, səksən bir qəpik) manat məbləğində əsas borc və 1329,84 (bir min üç yüz iyirmi doqquz manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 5141,65 (beş min yüz qırx bir manat altmış beş qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar