Məhkəmə qərarları › İş №2(060)-8242/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8242/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8242/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh 545,40 manat əsas, 112,48 manat faiz borcu və 7,36 cərimə olmaqla, cəmi 665,24 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.11.2020-ci il tarixli müqavilənin 3.7-ci bəndindən görünür ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 ( beş) təqvim günündən çox pozduqda; borcalanın maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə yaxud borcalan tərəfindən verilən məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə; üçüncü şəxslər tərəfindən borcalanın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda; kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Göründüyü kimi iddiaçı məhkəməyə müqaviləyə vaxtından əvvəl xitam verilməsi və pul tələbi ilə bağlı deyil, yalnız cavabdehdən müvafiq məbləğin tutulması barədə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə AR MPM-nin 284-4.1.4-cü maddəsinin tələbinə əsasən hesab edir ki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməlidir. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 284-4-cü maddəsinin tələbi pozulduğundan onun qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar